SON XƏBƏRLƏR

Bu gün güneyli alim Səməd Sərdariniyanın anım günüdür

2022.04.11, 13:45
Bu gün güneyli alim Səməd Sərdariniyanın anım günüdür

Gunaz.tv

Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə Təbriz Universitetinin tarix, sonra isə Tehran Universitetinin hüquq fakültəsini bitirib.

Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib.

Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı. Bu kitabların adlarına baxmaq belə, onların milli tariximiz və gələcəyimiz üçün əhəmiyyətini təsəvvür etməyə imkan yaradır:
"Azərbaycan Məşrutə dönəmində", "Azərbaycanın məşhurları" (2 cilddə), "İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur", "Təbriz – birincilər şəhəri", "Təbriz – İranda çap sənətinin beşiyi", "Arazın hər iki tayında müsəlmanların soyqırımı", "Molla Nəsrəddin Təbrizdə", "Məşrutə dönəmində Azərbaycan qəzetləri", «Təbriz Tənbəki üsyanı illərində», «Əli Müsyo», «Azərbaycan teatrının tarixi», «Bağır xan Salari-Milli», "Qarabağ müharibəsi", "Qarabağ tarixin gedişində", "İstiqlal qəhrəmanı Siqqətülislam" və s.

Səməd Sərdariniya Güney Azərbaycanda tariximizə yeni baxış təqdim edən, onu təhriflərdən, qərəzlərdən təmizləyib elmi təməl üzərində qurmağa çalışan tarixçilər nəslinin görkəmli nümayəndəsi idi. Araşdırmalarında daim Azərbaycanı bütöv, vahid götürürdü. Buna görə onun əsərləri Quzeydə də diqqətlə izlənilir və layiqincə qiymətləndrilirdi. 2002-ci ildə o, Bakıdakı Azərbaycan Universitetinin "Fəxri doktoru" adına layiq görülüb.

Sərdariniyanın "Arazın hər iki tayında müsəlmanların soyqırımı" kitabında erməni quldur dəstələrinin rus və ingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Türkiyə, İran və azərbaycan ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir.

2006-cı ildə alimin "Arazın hər iki tayında müsəlmanların soyqırımı" adlı kitabı AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə "Elm" nəşriyyatı tərəfindən nəşr edilmişdir.

Digər "İrəvan müsəlman sakinli vilayət olmuşdur" kitabı tarixi faktları ortaya qoymaq, erməni və onlara havadarlıq edən ölkələrin siyasətçilərinin, tarixçi alimlərinin yalan və uydurmalarını ifşa etmək məqsədi ilə qələmə alınıb. Kitab İnstitut tərəfindən tərcümə olunaraq nəşr edilmişdir. 

Müəllif kitaba yazdığı müqəddimədə qeyd edir ki, İran - Rusiya müharibələrindən, xüsusilə də Türkmənçay müqaviləsindən sonra ermənilərin Çuxursəd vilayətinə və onun mərkəzi İrəvana köçürülməsinə rusların birbaşa himayədarlıq etmələrinə və "məşəqqətlər görmüş millətə" hər cür dəstək vermələrinə baxmayaraq, 

1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etməyiblər. Yeri gəlmişkən, alim tarixi faktları səsləndirərkən erməni müəlliflərinə də istinad edib. 

Kitab İrəvanın ilkin yaşayış məskəni kimi formalaşması mərhələsindən başlayaraq burada yaşayan müsəlmanların (azərbaycanlıların) daşnakların əli ilə kütləvi şəkildə qətlə yetirilməsinə qədərki böyük tarixi mərhələni əhatə edir. 

Kitabın ilk hissələrində müəllif tarixi sənədlər və fotolar əsasında rus işğalı ərəfəsində İrəvanın tarixi-coğrafi mənzərəsini, şəhərin türk-müsəlman memarlığı əsasında yaradılmış memarlıq quruluşunu, mədəniyyət abidələrinin, dini mərkəzlərin (yeddi məscidin), karvansaraların və digər ictimai müəssisə və təşkilatların şəklini oxucuya təqdim etməklə onun tarixi bir müsəlman-türk şəhəri olduğunu sübut etməyə nail olub.

Səməd Sərdariniya 22 aprel 2008-ci ildə dünyasını dəyişib.

Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar