SON XƏBƏRLƏR

Üç Avropa ölkəsindən İrana xəbərdarlıq: “Nüvə sazişini zəiflədən addımlardan çəkinin”

2021.10.20, 07:36
Üç Avropa ölkəsindən İrana xəbərdarlıq: “Nüvə sazişini zəiflədən addımlardan çəkinin”

Gunaz.tv

GünazTV: İyulun 2-də Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri birgə bəyanat yayaraq, İrana nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını azaltması barədə xəbərdarlıq ediblər.

 

Üç Avropa ölkəsinin birgə bəyanatla çıxışı, İranın zənginləşdirilmiş uran ehtiyatının sazişdə nəzərdə tutulmuş 300 kiloqram limitini keçməsi barədə xəbərlərin yayılmasından bir gün sonraya təsadüf edib.

 

Bəyanatda bildirilir ki, İran atdığı bu addımından geri çəkilməli, özünün zənginləşdirilmiş uranının həcmini azaltmalıdır: “Hesab edirik ki, İran İslam Respublikası nüvə sazişini zəiflədən addımlardan çəkinməlidir. Hesab edirik ki, İranın nüvə sazişində təyin edilmiş limiti keçməsi ilə bağlı bu qərarı, nüvə silahlarının yayılmamasına dair beynəlxalq sistemi sual altına alan mühüm amillərdən biridir. Bu isə bizdə təəssüf hissi doğurur. Bir daha bildiririk ki, İran nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərini tam şəkildə yerinə yetirsə, biz də həmin sazişə sadiq qalacağıq” –deyə bəyanatda vurğulanır.

 

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi iyulun 1-də İranın uran istehsalına qoyulan limiti keçməsindən xəbər verib: “Bizdə olan məlumatlara əsasən, İranın zənginləşdirilmiş uran ehtiyatı artıq 300 kiloqramı keçib” –deyə agentlik bildirib.

 

 

“Röyters” agentliyi isə Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sözçüsünə istinadən yaydığı xəbərdə bildirib ki, Yukio Amano İranın zənginləşdirilmiş uran ehtiyatına qoyulan limiti keçməsi barədə qurumun idarə heyətinə məlumat verib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar