SON XƏBƏRLƏR

Ukrayna təyyarəsinin vurulmasını ifşa edən 21 jurnalist İran rejimi tərəfindən təhdid edilib

2021.10.20, 07:36
Ukrayna təyyarəsinin vurulmasını ifşa edən 21 jurnalist İran rejimi tərəfindən təhdid edilib

Gunaz.tv

GünAz TV: Yanvarın 8-də “Sepah” terror təşkilatının Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini vurmasını ifşa edən İranda fəaliyyət göstərən azı 21 jurnalist rejim qüvvələri tərəfindən təhdid edilib.

 

Bu barədə məlumat yayan Sərhədsiz Reportyorlar Təşkilatı bildirib ki, həmin jurnalistlər hökumətin təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğraması ilə bağlı yaydığı yalan xəbərləri ifşa etdiklərinə görə, “Sepah”ın Kəşfiyyat İdarəsi və ETTELAAT Nazirliyinə çağırılaraq təhdid olunublar.

 

Hər iki qurum onlardan ifadə alaraq sərbəst buraxıb. Lakin jurnalistlər həbs edilməklə təhdid edildiklərindən, Sərhədsiz Reportyorlar Təşkilatı hələ də onların həbs olunmaları ilə bağlı təhlükənin mövcud olduğunu deyir.

 

Bir çox media qurumları isə öz əməkdaşlarına İnstagram, Facebook və Twitter kimi sosial şəbəkələrdə təyyarənin vurulması ilə bağlı heç nə yazmamaqla bağlı xəbərdarlıq ediblər. Bununla da, jurnalistlər ya ümumiyyətlə sosial şəbəkələrdəki hesablarını dondurmağa, ya da sıravi xəbərlər paylaşmağa məcbur ediliblər.

 

Yanvarın 8-də “Sepah”ın vurduğu Ukrayna təyyarəsinin göyərtəsində olan 176 nəfərin hamısı faviəvi şəkildə ölmüşdü. Həyatını itirənlər İran, Kanada, Ukrayna, Əfqanıstan və Britaniya vətəndaşlarıdır.

 

İran rejimi 3 gün təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığı ilə bağlı yalan yaydıqdan sonra ictimai rəyin təzyiqi və xarici dövlətlərin yaydıqları ifşaedici məlumatlar nəticəsində təyyarənin “səhvən” “Sepah”ın Hava Hücumundan Müdafiə Bölməsi tərəfindən vurulduğunu etiraf etməyə məcbur qalmışdı.

 

Bundan sonra Tehran da daxil olmaqla, İranın müxtəlif bölgələrində etiraz aksiyaları keçirilmiş, Əli Xamneyi və rejimə qarşı şüarlar səsləndirilmişdi.

 

Sərhədsiz Reportyorlar Təşkilatı qeyd edir ki, etirazların yatırılmasının ardınca rejim media qurumları və jurnalistlərə qarşı təzyiq və təhdidləri artırıb. Eləcə də, onlara rəsmi mövqe ilə üst-üstə düşməyən xəbərləri dərc etməyi qadağan edib.

 

Son 2 həftə ərzində “Sepah”ın Kəşfiyyat İdarəsi çoxlu sayda jurnalistin ev və iş yerində təftiş aparıb, onlara məxsus kompüterlər, mobil telefonlar, kitablar, əl yazıları və şəxsi əşyaları müsadirə edib.

 

“Mən Sepahın Kəşfiyyat İdarəsinə çağırıldım. Onlar mənim hökumətin Ukrayna təyyarəsini vurmasına görə utanc hissi duymağımla bağlı İnstagramda yazdığım postlara irad tuturdular. Onlar sonda mənə dedilər ki, əgər üzünə gələn 10 ili həbsxanada keçirmək və ya ölmək istəmirsənsə, ağzını, eləcə də sosial şəbəkələrdəki hesablarını bağlamaqla, düşmənlə əməkdaşlığına son ver”, - deyə Sərhədsiz Reportyorlar Təşkilatına adı açıqlanmayan iranlı jurnalistlərdən biri bildirib.

 

Xatırladaq ki, Sərhədsiz Reportyorlar Təşkilatının 2019-cu ilin aprel ayında yaydığı son hesabatda İranın media azadlığı sahəsində 180 ölkə içərisində 2018-ci ilə nisbətən 6 pillə geriliyərək, 170-ci yerdə qərarlaşdığı deyilirdi. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar