SON XƏBƏRLƏR

Urmiyə və Təbrizdə son etirazlar zamanı tutulanlar barəsində həbs qərarı çıxarılıb

2021.10.20, 07:36
Urmiyə və Təbrizdə son etirazlar zamanı tutulanlar barəsində həbs qərarı çıxarılıb

Gunaz.tv

GünAz TV: İranda 2017-ci ilin son günlərində iqtisadi problemlər və rejimin ədalətsizliyi ilə bağlı Məşhədə başlayan etiraz aksiyaları bir neçə gün ərzində ölkənin əksər şəhərlərini bürüdü, həmin aksiyalarda çox sayda azərbaycanlı da saxlanılmışdır.

 

Artıq Azərbaycanın Urmiyə və Təbriz şəhərində saxlanılan bir neçə etirazçı haqqında həbs qərarı çıxarılıb.

 

Məlumata görə, Urmiyə İnqilab Məhkəməsinin 3-cü Şöbəsi saxlanılanlardan 5-ni milli təhlükəsizliyi pozmaq və sistemin əleyhinə təbliğdə ittiham edərək barələrində həbs qərarı verib. Mətin Xalidi (24 yaşlı) və Əmin Zendedel (21 yaşlı) hər biri 6 il, Nasir Həsəni (53 yaşlı) və Səfər Orduxani (47 yaşlı) 12 ay və xanım Monirə Sultanzadə (48 yaşlı) 6 ay həbs cəzasına məhkum edilib. Hazırda onların hamısı Mətin Xalidi istisna olmaqla mülki vəsiqə qarşılığında azadlıqdadır.

 

Təbrizdə isə saxlanılanlardan 8-i iki fərqli dosye əsasında həbs cəzasına məhkum olunub.

 

Məlumata görə, Təbriz Cəza Məhkəməsinin 103-cü Şöbəsi Əli Kamrani, Mehdi Haqqpərəst, Əmir Dehqan Sefidan, Röya Səğiri, Rəhim Tatarpur, Kamil Soveyti və Məhəmməd Şetabi Fərdini qanunsuz yığıncağa qatılmaq  yolu ilə ümumi asayişi pozmaqda günahlandıraraq hər birini 1 il şərti həbs cəzasına məhkum edib.

 

“Herana “xəbər agentliyinin yaydığı məlumata görə, xanım Röya Səğirinin ittihamlarından biri də “baş örtüyünü açaraq ictimai yerdə hicabsız görünmək”dən ibarət olub.

 

Cəza Məhkəməsinin 103-cü Şöbəsinin çıxardığı hökmdə həmçinin bildirilib ki, İslam Cəza Qanunlarının 513-cü maddəsinə əsasən müqəddəsləri təhqir edən müttəhimlərin cəzası edamdır, lakin məhkəmənin bu dosyeyə baxması üçün səlahiyyəti yoxdur.

 

Məlumata görə, Sədra Vəlinəjad və Lütfulla Karkona qarşı irəli sürülən ittiham sübuta yetirilmədiyi üçün barələrində bəraət hökmü çıxarılıb.

 

Başqa bir dosyeyə görə xanım Röya Səğiri və Nəriman Vəlidoxt Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ ittihamı ilə 8 ay və rəhbəri təhqir etmək ittihamı ilə 15 ay azadlıqdan məhrum edilib.

 

Eyni ittihamlarla Məhəmməd Şetabi Fərd və Əli Kamrani saxlanma müddətləri hesablanmaqla 3 ay həbsə məhkum edilib. Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi də etiraz aksiyalarını video kameraya çəkməkdə günahlandırılan Lütfulla Karkona bəraət verib.

 

Bundan öncə sözügedən aksiyalar zamanı Təbrizdə tutulan Əli Qədiri haqda həbs qərarı çıxarılmışdır.

 

İranda son etiraz aksiyaları zamanı minlərlə etirazçı saxlanılıb, ən azı 26 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olmuşdur. 2017-ci ilin son günlərində Məşhəddə başlayan aksiyalar qısa müddətdə İranın təxminən 100 şəhərini bürüdü, təhlükəsizlik qüvvələri etiraz aksiyalarına odlu silahla cavab verdilər. Aksiyalarda saxlanılanlardan bir neçəsi işgəncələr altında öldürüldü, rejim həmin şəxslərin intihar etdiyini iddia edərək məsuliyyətdən yayındı.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar