SON XƏBƏRLƏR

Urmiyədə 26 Azər - “Yandırılmış Kitablar Günü” münasibəti ilə türkcə kitablar paylanılıb - GÖRÜNTÜ

2021.10.20, 07:36
Urmiyədə 26 Azər - “Yandırılmış Kitablar Günü” münasibəti ilə türkcə kitablar paylanılıb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın bir çox şəhəri, o cümlədən Urmiyədə türkcə kitablar paylanılıb.

 

Azərbaycanlı fəallar digər şəhərlərdə də məktəblərə gedərək şagirdlərə kitablar hədiyyə ediblər. Onlar Güney Azərbaycanda 1946-cı il dekabrın 17-də (26 Azər – Şah rejiminin türkcə kitabları yandırdığı gün) pəhləvi məmurları tərəfindən həyata keçirilən kitab yandırma faciəsinin 72-ci ildönümü münasibəti ilə belə bir tədbirə əl atıb. Azərbaycanlılar “26 Azər” mədəni soyqırım gününü “Yandırılmış Kitablar Günü” adı ilə xatırlayır və hər il bununla bağlı müxtəlif tədbirlər həyata keçirir.

 

Fəalların müxtəlif şəhərlərdə kitab paylaması sosial şəbəkələrdə soydaşlarımız tərəfindən alqışlanıb.

 

Güney Azərbaycanda xüsusi günlərdə Kitab paylama kampaniyası həyata keçirilir. Simvolik xarakter daşıyan tədbir Güney şəhərlərində ildən-ilə genişlənir.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

 

Milli hökumət qurulduqdan bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. Mərkəzi hökumətin ordusu Azərbaycanı yenidən işğal etdikdən sonra Azərbaycanda çox sayda hərbçi, dinc sakin, alim, sənətkar və siyasətçi acımazcasına qətliam edilib. Müxtəlif mənbələrdə işğalçı tərəfindən 25 mindən çox azərbaycanlının faciəli şəkildə öldürüldüyü qeyd olunur.

 

Pəhləvi rejiminin məmurları bununla da kifayətlənməyərək Güney Azərbaycanda türk dilində yazılmış kitabları toplayıb və şəhərlərin mərkəzi meydanında yandırıblar. Türk dili və ədəbiyyatını hədəfə alan məmurlar universitet, məktəb, kitabxana, öyrəncilərin xüsusi kitabxanaları və s. kimi yerlərdən topladıqları yüz minlərlə kitabı yandıraraq məhv ediblər.

 

Pəhləvi rejiminin Azərbaycanda törətdiyi cinayətlər fərqli formalarda islam cümhuriyyəti dövründə də davam etdirilib. Sözügedən qətliam və kitab yandırma faktının islam cümhuriyyəti tərəfindən ort-basdır edilməsi onun Azərbaycana olan münasibətini göstərməkdədir.

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar