SON XƏBƏRLƏR

Urmiyənin millət vəkili türklərin təhqir edildiyi kitabın toplanlanmasını istəyib

2021.10.20, 07:36
Urmiyənin millət vəkili türklərin təhqir edildiyi kitabın toplanlanmasını istəyib

Gunaz.tv

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur fars yazıçısı Məhəmmədəli Camalzadənin irqçiliyə dəlalət edən kitabının mağazalardan toplanmasını tələb edib.

 

Fars dilində yazılmış “Biri var idi, biri yox idi” kitabının  mətninə etiraz edən millət vəkili mövzu ilə bağlı İran İslami İrşad və Mədəniyyət naziri Abbas Salehiyə məktub ünvanlayıb.

 

“Türklər qəzetlərdə və telekanallarda təhqir olundu, bu dəfə isə əziz azəridilli (türklər nəzərdə tutulur) əhalinin kobud təhqir edildiyi əsərlərin nəşr olunmasına şahid oluruq. “Biri var idi, biri yox idi” kitabında həm türk dili, həm də azəridilli əhalinin şüur və kimliyi məqsədyönlü şəkildə alçaldılır”- deyə N.Qazipur məktubda qeyd edib.

 

Qazipur məktubla birlikdə kitabın irqçilik zəminində olan bəzi səhifələrini də nazirə göndərib.

 

Heç bir ölkə öz əhalisini bu şəkildə aşağılamaz deyən millət vəkili məktubun sonunda İslami İrşad və Mədəniyyət nazirinə xitabən bildirib ki, xahiş eliyirəm kitabların mağazalardan toplanılması və yenidən nəşr olunmaması haqda göstəriş verin. “Bu haqda lazımı tədbirlər alındıqdan sonra nəticə mənə elan olunsun”- deyə o məktubda vurğulayıb.

 

Qeyd edək ki, Məhəmmədəli Camalzadə “Biri var idi, biri yox idi” kitabının 74-cü səhifəsində türkləri təhqir edərək qeyd edib ki, “...Həmzə adlı ərəb arabaçı (daşqaçı)  Bağdad zindanından qaçıb İrana gəlmişdi. O bu yolda uzun illər mehtər və arabaçı kimi işləyib və bütün arabaçılar kimi atlarla türk dilində danışmağa çalışırdı. Lakin o türk dilində olan çox sayda söyüşdən yalnız “qurban olum” sözünü əvəz edən, aşıqlə məşuqun dərdləşməsində istifadə olunan “köpəkoğlu” sözündən başqa heç nə bilmirdi.”

 

Müəllif daha irəli gedərək kitabın 48-ci səhifəsində türkləri anlamaz adlandırıb. O qeyd edib ki, “...hətta zorla, zopa ilə də daxil olmaq mümkün deyildi. Ona görə ki. o türk idi və anlamaz...”

 

“Biri var idi, biri yox idi” kitabının müəllifi Məhəmmədəli Camalzadə əslən İranın İsfahan şəhərindən və fars dilli olub. Məhəmmədəli Camalzadənin irqçilik zəminindəki cızmaqaraları hələ də şovinistlər tərəfindən nəşr olunur.

 

İranda qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinin təhqir edilməsi sistemli olaraq həyata keçirilir. 2016-ci ildə “İran” qəzetinin dərc etdiyi təhqiramiz karikatur, 2015-ci ildə məlum “Fitilə” televiziya verilişi, türk ləhcəsi olan müəllimlərin işə götürülməməsi haqda nizamlamanın açıqlanması, dərsliklərdə Urmu gölünün xəritədən silinməsi və s. Azərbaycana qarşı sistemli bir prosesin nümunələridir.

 

 

 

N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar