SON XƏBƏRLƏR

“Urmu gölünü Türkiyənin yardımı ilə qurtarmaq mümkündür”- İsa Kəlantəri

2021.10.20, 07:36
“Urmu gölünü Türkiyənin yardımı ilə qurtarmaq mümkündür”- İsa Kəlantəri

Gunaz.tv

GünAz TV: İran Ətraf Mühit Təşkilatının rəisi elan edib ki, elmi araşdırmalar Türkiyənin şərqində yerləşən Van gölündən Urmu gölünə su intiqal etməyin mümkün olduğunu göstərir.

 

Bu barədə İsa Kəlantəri avqustun 13-də keçirilən mətbuat konfransında və Anadolu xəbər agentliyinə danışıb.

 

“Bizim araşdırmalarımız və Türkiyə tərəfi ilə apardığımız müzakirələr Van gölündən Urmu gölünə su intiqal etməyin mümkün olduğunu göstərir.

Van gölünün suyu Urmu gölünü qurumaq təhlükəsindən qurtara bilər. Van gölü, Urmu gölünə nisbətən 450 metr yüksəklikdə yerləşir, iki gölün arasında sadəcə 265 kilometr məsafə var.

Hazırda Van gölündə suyun səviyyəsi artıb. Gölün dərinliyi 350 metrdən çoxdur, bu vəziyyət hətta gölün dibində yaşayan canlıların həyatı üçün təhlükə yaradır.”- deyə o bildirib.

 

Ankara ilə müzakirələrin davam etdiyini bildirən İ.Kəlantəri vurğulayıb ki, bu zəmində hələ bir neçə elmi suala cavab verilməlidir. Danışıqlar yekunlaşdıqdan sonra hər il 1 milyarddan 2 milyard kubmetrə qədər su Urmu gölünə intiqal edilə bilər.

 

Bundan əvvəl Urmiyə Şəhər Şurasının Araşdırmalar Mərkəzinin rəisi Hüseyn Bəxşayişi də Van gölündən Urmu gölünə su intiqal edilməsinin məqsədəuyğun olduğunu bildirmişdir. Onun sözlərinə görə, bu, Urmu gölünü canlandırmaq üçün ən doğru və real çıxış yoludur. Bu layihənin icra edilməsi üçün 1 il, Urmu gölünün su ilə dolması üçün isə 3 il vaxt tələb olunur.

 

Van gölündən Urmu gölünə su intiqal etmək planı dəfələrlə İran rəsmiləri tərəfindən dilə gətirilib, lakin qısa müddət sonra xəbəri təkzib edən açıqlamalar dilə gətirilib. Bu kimi yanaşmaların nəticəsində uzun illərdir Urmu gölünün canlandırılması üçün heç bir iş görülmür və verilən vədlərin heç biri yerinə yetirilmir.

Türkiyə tərəfi sözügedən layihənin icra edilməsinə müsbət baxdığını dəfələrlə elan edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar