SON XƏBƏRLƏR

“Urmu gölünün quruması artıq Təbriz adında şəhərin yox olması deməkdir”- Ətraf Mühit Təşkilatının rəsmisi

2021.10.20, 07:36
“Urmu gölünün quruması artıq Təbriz adında şəhərin yox olması deməkdir”- Ətraf Mühit Təşkilatının rəsmisi

Gunaz.tv

GünAz TV: İranın Ətraf mühitin qorunması və ekologiya təşkilatının sədr müavini Məsud Təcrişi Urmu gölü böhranının acı nəticələrindən danışarkən gölün quruması ilə Təbriz şəhərinin sıradan çıxacağı barədə xəbərdarlıq edib.

 

O bu barədə sentyabrın 24-də “İlna” xəbər agentliyinə danışıb.

 

“Biz bilməliyik ki, Urmu gölü quruyacağı təqdirdə artıq Təbriz adında şəhər olmayacaq. O zaman bu şəhəri başqa yerə köçürmək lazım gələcək. Bu bir reallıqdır və əhalini qurxutmaq məqsədi ilə dilə gətirilmir.

Ötən ilin son günlərində Urmu gölünün qərb tərəfində fırtına baş verdi. Məntəqə iki həftə toz-torpaq içində qaldı, göz-gözü görmürdü. Ona görə də əyalət üzrə yaradılan işçi qrup bu məsələni diqqətdə saxlamalıdır. Urmu gölü bərpa olunmasa, bir çox problemlərlə üzləşəcəyik”- deyə o bildirib.

 

Ətraf mühitin qorunması və ekologiya təşkilatının sədr müavini sözlərinin davamında qeyd edib ki, “Biz hələ də Urmu gölünün quruyacağı təqdirdə Təbrizin başqa yerə köçürülməli olacağını başa düşmürük. Təbrizdə süni gölün yaradılması ilə bağlı plandan xəbərdar olunca, onun qarşısını aldıq. Lakin bu plan göstərdi ki, biz hələ də su böhranın nə qədər ciddi olduğunu dərk etməmişik. Su mənbələrindən düzgün istifadə edib, Urmu gölünü bərpa edə bilsək, o zaman süni gölün yaradılmasına su tapılar. Lakin biz birinci yeraltı su qaynaqlarımıza diqqət ayırıb, sonra asayiş və rahatlığımız haqda düşünməliyik. Bizim bugünkü rahatlığımız gələcək nəsili su problemindən çıxış yolu axtarmağa məcbur etməməlidir... .”

 

Uzun illərdir böhran içində olan Urmu gölünün artıq 95 faizi quruyub və böhran getdikcə dərinləşməkdədir. Əvvəllər su altında olan ərazini indi duz təpələri bürüyüb. Baş verən duz fırtınaları küləyin istiqamətinə görə əsasən gölün şərq məntəqələri, o cümlədən Təbriz şəhərinə ziyan vurur. Mütəxəssislər bu barədə dəfələrlə xəbərdarlıq edib, lakin İran rejimi gölün böhrandan qurtarılması istiqamətində hər hansı əməli addım atmağa tələsmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar