Son zamanlar internet resurslarında Güney Azərbaycan haqqında informasiyaların sayı artıb.
Gunaz.tv
Bu barədə Günaz.TV-yə açıqlamasında tanınmış jurnalist, diaspor üzrə araşdırmaçı, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk məlumat verib.
“Bir neçə il əvvəl ABŞ-da yaşayan soydaşımız, Günaz.TV-nin rəhbəri Əhməd Obalının təşəbbüsü ilə bir qrup yaratdıq. Könüllülər tərəfindən “Vikipediya”da Güney Azərbaycanın tarixi, mədəniyyəti, tarixi abidələri və şəxsiyyətləri ilə bağlı 500-dən çox məqalə yaradıldı, əsaslı mənbələrlə redaktə edildi.

“Vikipediya”nın Azərbaycan dil bölməsinə Güney Azərbaycanın idmançıları, alimləri, mədəniyyət xadimlərinə həsr olunmuş məqalələr əlavə edildi.
Ancaq “Vikipediya”da Güney Azərbaycanla bağlı tək biz məqalə yaratmamışıq. Başqa könüllülər məqalələr yaradıb. Dil bölməsində güneyin tarixini əhatə edən məqalələr çoxdur”-deyə, Elnur Eltürk bildirib.

Elnur Eltürk deyib ki, Güney Azərbaycanla bağlı yeni məqalələrin yaradılması daima aktuallığını saxlayır:
“Çünki bu bizim tariximizdir. Materiallar olduqca Güney Azərbaycanı əhatə edən məqalələr hazırlanacaq”.
Ayxan Turan