SON XƏBƏRLƏR

"İran nüvə danışıqlarında əlavə tələblərdən imtina etməli və vaxt varkən razılaşmanı qəbul etməlidir"- 3 Avropa ölkəsi

2022.08.06, 05:11
"İran nüvə danışıqlarında əlavə tələblərdən imtina etməli və vaxt varkən razılaşmanı qəbul etməlidir"- 3 Avropa ölkəsi

Gunaz.tv

"Mətn masadadır. Yenidən danışıqlar olmayacaq. İndi İran hələ mümkün olduğu halda sazişi bağlamağa qərar verməlidir"-deyə, üç Avropa ölkəsinin yaydığı bəyanatda İrana xəbərdarlıq edilib.

Tehran və Vaşinqton arasında dolayı danışıqlar avqustun 5-də Vyanada İranın nüvə danışıqları üzrə baş müzakirəçisi Əli Baqiri Kəni və Avropa Birliyinin koordinatoru Enrike Moranın görüşü ilə bərpa edilib.

Daha əvvəl “Reuters” xəbər agentliyi İran və Avropa rəsmisinə istinadən xəbər vermişdi ki, Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerikanın sanksiyalar siyahısından çıxarılması” tələbindən imtina edib.

Ancaq başqa bir Tehran rəsmisi “Reuters” xəbər agentliyinə öz təkliflərini verdiklərini, Vyana danışıqlarında müzakirə edildiyini və SEPAH-a qarşı sanksiyaların tədricən qaldırılmasını istədiklərini deyib.

Bu arada Rusiyanın danışıqlardakı nümayəndəsi Mixail Ulyanov avropalı diplomatın bəyanatlarına cavab verib və bildirib ki, cümə axşamı danışıqlar zamanı bir mətn müzakirə olunub və bu, Vyanada iştirak edən bütün nümayəndə heyətlərinin kollektiv işinin məhsuludur. 

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında “beş üstəgəl bir” formatında imzalanıb. 

Amerikanın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. Amerikanın hazırkı prezidenti Cozef Bayden isə dəfələrlə ölkəsinin Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmağa hazır olduğuna dair mesajlar verib.

Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa və eləcə də Amerika Birgə Hərtərəfli Fəaliyyət Planı keçən ilin aprelindəki formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar