SON XƏBƏRLƏR

“Wall Street Journal” Amerikanın İranın petrokimya sənayesinə qarşı sanksiyalar qəbul etmək üzərində işlədiyini yazıb

2021.10.20, 07:36
“Wall Street Journal” Amerikanın İranın petrokimya sənayesinə qarşı sanksiyalar qəbul etmək üzərində işlədiyini yazıb

Gunaz.tv

GünAz TV: “Wall Street” jurnalı Amerikanın İrana qarşı sanksiyaları artırmaq üzərində işlədiyi barədə məlumat dərc edib.

 

Adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən yayımlanan məlumatda Amerikanın yeni təzyiqlərinin İranın dollarla etdiyi ticari əlaqələri hədəfə alacağı qeyd edilir. Rəsmi Vaşinqton yeni təzyiqlərlə İranın dollardan istifadəsini tamamən məhdudlaşdırmaq istəyir.

 

Jurnal həmçinin bildirir ki, Birləşmiş Ştatlar İranın hər hansı bir yolla sanksiyaları pozmaq cəhdlərinin qarşısını almaq üçün Sinqapur, Malaziya və Hindistana öz rəsmilərindən ibarət heyətlər göndərib. Bundan əlavə, Amerikanın maliyyə şəbəkəsi İranın Sinqapur, Malaziya, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistanda həyata keçirdiyi mali fəaliyyətlərini diqqət mərkəzində saxlayacaq.

 

Jurnalın yazdıqlarına görə, yeni sanksiyalar İranın Sinqapura ixrac etdiyi petrokimya və Əfqanıstana satdığı gündəlik təlabat mallarını hədəfə alacaq.

 

Xatırladaq ki, mayın 2-dən Amerika Birləşmiş Ştatları İrandan neft idxal edən istisna ölkələrə verdiyi möhlət hüququnu uzatmayıb. Bununla da artıq İrandan neft alan bütün ölkələr rəsmi Vaşinqtonun embarqolarına məruz qalacaqlar.

 

Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk bir neçə gün öncə sanksiyaların qəbul edildiyi zamandan bu günə qədər İranın neft gəlirlərinin təqribən 10 milyard dollar azaldığını bəyan etmişdi.

 

“Wall Street”in məqalənin sonunda üzərində işlənilən yeni sanksiyaların məqsədinin İranın petrokimya sahəsində ixracatını tamamilə dayandırmaq olduğunu yazıb.

 

Qeyd etmək lazımdır ki, petrokimya sanayesi İranın gəlirlərini təmin etdiyi əsas sahələrdən biridir. Ölkənin öz proqnozlarına əsasən, 2021-ci ilə qədər İran qeyd edilən sənayedən 36 milyard dollar qazanc əldə edəcək. 2015-ci ildə isə bu gəlirlər təqribən 19 milyard dollar olmuşdu. Əgər bu sənayeyə qarşı da sanksiyalar tətbiq edərsə, İranın ixracatdan əldə etdiyi gəlirlər kəskin azalacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar