SON XƏBƏRLƏR

Xamneyi: “Ayıq olun, amerikalıların 1398-ci il üçün planı ola bilər”

2021.10.20, 07:36
Xamneyi: “Ayıq olun, amerikalıların 1398-ci il üçün planı ola bilər”

Gunaz.tv

GünAzTV: Dekabrın 12-də İranın dini lideri Əli Xamneyi İran-İraq müharibəsində və Suriya savaşında həlak olan “şəhid ailələri” ilə görüşərək, Amerika və Səudiyyə Ərəbistanına qarşı sərt bəyanatlar səsləndirib.

 

Amerika hökumətini islam respublikasını devirməyə cəhddə günahlandıran Xamneyi, rejim tərəfdarlarını “düşmən” qarşısında ayıq-sayıq olmağa çağırıb: “Ayıq olun, amerikalılar cari ildə bizə qarşı hoqqa işlədə bilərlər. Əslində isə onların 1398-ci il üçün planı ola bilər. (Qeyd edək ki, İranda yeni il, Novruz bayramının 1-ci günündən başlanılır - red.). Hamı ayıq olmalıdır ki, dil-ağız tökən düşmənə aldanmasın və qapıdan qovulmuş xəbis düşmən bir daha pəncərədən daxil olmasın.

 

Amerikanın yenidən İrana qarşı sanksiyalar tətbiq etməsində məqsədi, ölkə daxilindəki qruplar arasında ixtilaf və ikitirəlik salmaq, insanların küçə etirazlarına çıxması idi. Onlar bildirmişdilər ki, bu il (1397-ci il) İranın çox qızğın bir yayı olacaq. Lakin onların dediklərinin əksinə olaraq, bu il yayı bizdə çox yaxşı keçdi və millət islam respublikasının qarşıdan gələn 40-cı ildönümünü də çox təntənəli şəkildə qeyd edəcək.

 

Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Amerikanın İran millətinə qarşı bütün planları artıq ifşa edilib. Onların bizə zərbə vura biləcək əlavə bir planı ola bilməz. Çünki onlar bizə qarşı əllərindən gələni ediblər və bundan artıq heç nə edə bilməyəcəklər”.

 

Xamneyi öz çıxışında həmçinin Səudiyyə Ərəbistanını “cinayətkar” adlandıraraq, onun regional siyasətini kəskin tənqid edib. O, Ər-Riyadı bölgədə Vaşinqtonla birgə əməkdaşlıq aparmaqda, Yəmən və Bəhreynin daxili işlərinə qarışmaqda günahlandırıb.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar