SON XƏBƏRLƏR

Xamneyi: “Cənab Tramp! Siz qələt edirsiniz”

2021.10.20, 07:36
Xamneyi: “Cənab Tramp! Siz qələt edirsiniz”

Gunaz.tv

GünAzTV: İranın dini lideri Əli Xamneyi, mayın 9-da Tehranda “Fərhəngiyan” Universitetinin tələbə və müəllimləri ilə görüşərək Amerika prezidenti Donald Trampa qarşı aşağılayıcı sərt bəyanatlar səsləndirib.

 

Xamneyinin bəyanatı, Trampın Amerikanın nüvə sazişindən çıxdığını elan etməsindən bir gün sonraya təsadüf edib.

 

Öz çıxışında Amerika prezidentinə qarşı “kişicığaz” kimi təhqir dolu ifadələr işlədən və onun Ağ Evdəki çıxışını “yüngül və bayağı bəyanat” adlandıran axund Xamneyi bildirib ki, ölkəyə qarşı göstərilən bütün təzyiqlərə baxmayaraq, İran öz yolunu davam etdirəcək: “Siz dünən gecə Amerika prezidentinin yüngül və bayağı sözlərinizi eşitdiniz. Onun sözlərində bəlkə də 10-dan çox yalan var idi. Həm bizim sistemi təhdid etdi, həm də millətimizi və dedi ki, mən elə edəcəm, belə edəcəm. Mən isə İran milləti adından üzümü ona tutub deyirəm: - Cənab Tramp! Siz qələt edirsiniz.

 

Biz, dəfələrlə demişdik ki, Amerikanın İranla probleminin nüvə enrjisinə aidiyyəti yoxdur. Lakin ölkə daxilində bəziləri deyirdilər ki, yox, bu belə deyil. İndi özünüz gördünüz ki, biz nüvə sazişini (“Bərcam”ı) qəbul etdik. Lakin bizə qarşı düşmənçiliklər bitmədi. İndi də İranın bölgədəki mövcudluğunu və raketlər məsələsini ortaya atıblar. Əgər bunu da qəbul etsək, sabah da başqa bir məsələni bəhanə edib irəli sürəcəklər. Əslində isə Amerikanın bizim sistemlə düşmənçiliyi ona görədir ki, bu ölkə vaxtilə İranda tam hegemonluğa malik idi. Lakin islam inqilabı onların əlini ölkəmizdən kəsdi.

 

Amerika prezidentinin ölkəmizə qarşı çirkin və xoşagəlməz davranışı bizim üçün təzə bir şey deyil. Biz, bu davranış tərzini Amerikanın keçmiş prezidentlərində də görmüşdük. Lakin bu, hər dövrdə bir cür olub. Mən, əvvəldən də demişdim ki, Amerikaya etimad etməyin. Bunu həm ümumi, həm də xüsusi iclaslarda demişdim. Bildirmişdim ki, əgər amerikalılarla müqavilə bağlamaq istəyirsinizsə, əvvəlcə onlardan təzminat alın, sonra sənədi imzalayın.

 

Bu gün, İran milləti tam gücü ilə öz ayaqları üstündə durub. Amerikanın keçmiş prezidentləri birbəbir ölüb torpağa qarışdılar. Onların hətta sümükləri belə çürüdü. Halbuki, islam respublikası bu gün də yaşayır. Sözsüz ki, bu cənab (Tramp) da ölüb torpağa dönəcək,  bədəni də qarışqalarla ilanlara yem olacaq. Lakin, islam respublikası yenə də ayaq üstdə duraraq yaşayacaq”.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə jurnalistlər qarşısında çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib. İranı üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə, terrorizmə dəstəkdə, bölgənin sabitliyinə qarşı çıxmaqda və özünün ballistik raketlərini inkişaf etdirməkdə günahlandıran Tramp, Vaşinqtonun İrana qarşı əvvəlki sanksiyaları bərpa edəcəyini bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar