SON XƏBƏRLƏR

Xanım Jalə Təbrizinin BMT İnsan haqları Şurasının iclasında Güney Azərbaycanda yaşanan mühacirət problemi ilə bağlı çıxışının Videosu yayılıb

2021.10.20, 07:36
Xanım Jalə Təbrizinin BMT İnsan haqları Şurasının iclasında Güney Azərbaycanda yaşanan mühacirət problemi ilə bağlı çıxışının Videosu yayılıb

Gunaz.tv

GünAz TV: Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin təmsilçisi Dr. Jalə Təbrizi Cenevrədə keçirilən BMT İnsan Haqları Şurasının iclasına qatılaraq Güney Azərbaycanda yaşanan mühacirət problemi ilə bağlı geniş məruzə ilə çıxış edib.


Xanım J.Təbrizi iyunun 29-da qatıldığı iclasda “İranda, konkret olaraq Azərbaycandan digər məntəqələrə edilən köçlərin artması” mövzusunda çıxış edib.


Azərbaycanlı insan haqları müdafiəçisi ötən günlərdə Təbrizdə vəfat edən tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrundakı mübarizəsinə işarə edərək onu müasir Azərbaycanın ən böyük şəxsiyyətlərdən biri kimi dəyərləndirib, bundan sonra qeyd olunan mövzu əsasında çıxışını davam etdirib.


Azərbaycanlıların siyasi, ictimai, iqtisadi və ətraf mühit problemlərindən dolayı bölgədən mühacirət etdiyini deyən insan haqları müdafiəçisi rejimin əhalinin bölgədən köçməsi üçün şərait yaratdığını bildirib.


Onun sözlərinə görə, sənaye işləri üzrə mütəxəssislər və bu sahədə çalışan işçi qüvvələr zavodların bağlanması, kənd sakinləri Urmu gölünün quruması, eləcə də ali təhsilli insanlar və ümumiyyətlə böyük mütəxəssislər işsizlik səbəbindən bölgədən köçməyə məcbur olur.


“Hazırda Azərbaycanda sənaye və istehsal müəssisələri tətil və ya yarı fəal vəziyyətdədir. Lakin İsfahan, Simnan və Yəzd kimi şəhərlərdə vəziyyət təmami ilə fərqlidir. Azərbaycanın mis, qızıl, dəmir və s. kimi mədənlərinin məhsulu xammal kimi İranın mərkəzi əyalətlərinə daşınır.
Azərbaycana əsaslı şəkildə sərmayə yatırılmır, bu bölgəyə qarşı iqtisadi, siyasi və mədəni ayrı-seçkilik var. Bu proses pəhləvi dövründə başlayıb, islam cümhuriyyəti dövründə də davam etdirilir. Azərbaycan şəhərlərində istehsal müəssisələrinin ardıcıl bağlanması işsizlərin sayını getdikcə artırır. İran Statistik Mərkəzinin məlumatına görə, Azərbaycan əyalətlərində gənclər arasında işsizlik səviyyəsi 50 faizə yaxınlaşıb. Şərqi Azərbaycan Əyaləti sənaye baxımından hazırda ölkənin 31 əyaləti arasında 17-ci yerdədir”- deyə o çıxışının bir hissəsində qeyd edib.


Xanım J.Təbrizi Urmu gölü ətrafındakı kəndlərin ətraf mühit böhranı, əkinçiliyin məhv olması və sənaye müəssisələrinin olmaması səbəbindən əhalidən boşaldığını deyib.


İran rejiminin iqtisadi məsələlərə ideologiya gözü ilə baxdığını deyən xanım J.Təbrizi bildirib ki, “islam cümhuriyyəti son 40 ildə yalnız mərkəzi əyalətlərin sənaye, ticarət və digər iqtisadi işləri ilə məşğul olub, digər əyalətlərin məhsulları isə xammal kimi Tehran və İsfahan kimi məntəqələrə daşınıb.  Siyasi, ictimai, mədəni və iqtisadi ayrı-seçkliklər vaxtaşırı mərkəzi hökumətə qarşı etirazlara səbəb olur. Lakin hökumət bu etirazlara təhlükəsizlik məsələsi kimi baxır və etirazçılara qarşı güc tətbiq edir.”


İnsan haqları fəalı sonda Azərbaycan əyalətlərində mühacirət probleminin olduqca ciddi olduğunu, Urmu gölünə yaxın məntəqələrdə 4.5 milyondan çox insanın ətraf mühit böhranı ilə əlaqədar mühacirət etməyə məcbur olacağını xüsusi olaraq diqqətə çatdırıb.


Aşağıdakı videoda xanım J.Təbrizinin çıxışını öz dilindən eşidə bilərsiniz:
https://www.youtube.com/watch?v=JBP3Ha_ntnA


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar