SON XƏBƏRLƏR

Xatəminin İranda federal dövlətlə bağlı səsləndirdiyi fikirlər farsdilli media tərəfindən boykot edilib

2021.10.20, 07:36
Xatəminin İranda federal dövlətlə bağlı səsləndirdiyi fikirlər farsdilli media tərəfindən boykot edilib

Gunaz.tv

GünAz TV: Xaricdə fəaliyyət göstərən farsdilli media orqanları İranın sabiq prezidenti Məhəmməd Xatəminin federativ iderəetmə sistemi ilə bağlı səsləndirdiyi fikirləri boykot edib.

 

Xüsusilə də, “BBC”, “Amerikanın səsi” və “Radio Fərda” kimi “xaricdə yaşayan islahatçılar”ın çalışdıqları media qurumları öz mənfəətləri üçün islahatçı sabiq prezidentə belə rəhm etməyiblər.

 

Qeyd edilən informasiya resursları bununla bir daha sübut edirlər ki, onlar media və ifadə azadlığı, eləcə də tərəfsizlik kimi dəyərlərə heç bir hörmət qoymur, yalnız öz maraqlarına xidmət edən fikirlər barədə xəbər yayımlayırlar.

 

Xatırladaq ki, Xatəmi mayın 11-də Tehran şəhər şurasının üzvləri ilə keçirdiyi görüşdə İran üçün ən gözəl siyasi sistemin “federal idarəetmə forması” olduğunu, lakin mövcud şəraitdə bu sistemi tətbiq etməyin “mümkün olmadığı”nı deyib.

 

“Bəlkə də hazırda siyasi baxımdan münasib olmaya bilər, amma xalq üçün ən ideal idarəetmə forması federal hökumətdir. Hətta o vaxt (Xatəminin prezidentlik dövründə-red.) Daxili İşlər Nazirliyində 10 federativ bölgəni də müəyyənləşdirmişdik. Lakin konstitusiyaya əsasən, federativ ola bilmərik”-deyə sabiq prezident qeyd etmişdi.

 

Son illər ərzində İranda dəfələrlə qeyri-fars millətlər tərəfindən federal hökumət qurulması ilə bağlı təkliflər dilə gətirilsə də, totalitar fars meyilli cərəyanlar həmişə buna qarşı çıxıb.

 

Bu cərəyanlar iddia edirlər ki, İranda milli və dini müxtəlifliyin çoxluğunu nəzərə aldıqda, bu cür idarəetmə sistemi öz müqəddəratını təyin etmək kimi tələblərə zəmin yaradacaq və sonda İranın bölünməsi ilə nəticələnəcək. Lakin Hindistan kimi bir çox federativ ölkələrdə də İranda olduğu kimi, müxtəlif xalqlar və din mənsubları yaşayırlar və bu sistem heç vaxt o ölkələrin bölünməsinə şərait yaratmayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar