SON XƏBƏRLƏR

Xuzistanda ərəblərin İranda irqçiliyə qarşı etiraz aksiyaları davam edir, saxlanılanlar var

2021.10.20, 07:36
Xuzistanda ərəblərin İranda irqçiliyə qarşı etiraz aksiyaları davam edir, saxlanılanlar var

Gunaz.tv

GünAz TV: Martın 28-də Əhvazda Xuzistan Teleradio Şirkətinin binası önündə baş tutan etiraz aksiyası bir neçə gündür davam etdirilir.

 

Ərəblərin irqçiliyə qarşı keçirdiyi etirazlar Xuzistan Əyalətinin Əhvaz və Abadan şəhərləri başda olmaqla bir neçə şəhərdə baş tutub.

 

Aksiyalar martın 23-də İranın 2-ci kanalında yayımlanan bir uşaq verilişinin məzmununa etiraz olaraq həyata keçirilir. Belə ki, aparıcı İran xəritəsində müxtəlif millətlərin yaşadığı məntəqələrin üzərinə, o millətin geyimini geyən gəlinciklər yapışdırıb, lakin Əhvazın üzərinə ərəblərə məxsus geyimi olan gəlincik deyil, başqa bir gəlincikdən istifadə edib. Bu təhrif Xuzistanın ərəb əhalisinin kəskin etirazına səbəb olub.

 

Məlumata görə, ərəblərin dinc aksiyası təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qalıb, onlara qarşı qozyaşardıcı qazdan istifadə olunub. Əhvazda keçirilən aksiyada bir neçə etirazçının yaralandığı bildirilir.

 

Aksiyalar başlandığı gündən bir çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onların əksəriyyətinin kimliyi hələlik müəyyən edilməyib. Bazar günü saxlanılanlardan Xədicə Nisi, Aişə Nisi, Mahmud Beyt Səyyah, Səəd Nəvaseri, Məhəmməd Cəlil Knun və Əsəd Nəvaserinin kimliyi məlum olub. Şənbə günü keçirilən aksiyalarda tutulanlardan isə yalnız Xalid Mahavi və Mahmud Mahavinin adları bəlli olub.

 

 

Ərəb insan haqları fəalı Yusif Bənitorof GünAz TV-nin “Dialoq” verilişinə verdiyi müsahibədə aksiyaların irqçi hərəkətlərə etiraz olaraq keçirildiyini bildirib. Onun sözlərinə görə, “aksiyalarda onlarla etirazçı saxlanılıb. Valilik və Xuzistan Təmin Şurası vəziyyətin böhranlı olduğunu elan etdikdən sonra etiraz aksiyalarına xüsusi təyinatlı dəstələr müdaxilə edib.”

 

İrqçiliyə qarşı keçirilən aksiyalarda ərəb qadınları da kişilərlə çiyin-çiyinə etirazlara qoşulub.

 

Etirazçılar Teleradio Şirkəti rəhbərliyinin üzr istəməsi, Əhvazın ərəb kimliyini təhrif edən şəxslərin işdən çıxarılması və cəzalandırılmasını tələb edirlər.

 

Bu arada Əli Səvari adlı əhvazlı ərəbin saxlandığı zindanda işgəncələr altında öldüyü bildirilir. Narkotik maddələrinin qaçaqmalçılığında günahlandırıldığı bildirilən Ə.Savari Əhvazın Şeyban zindanında işgəncəyə məruz qalan 8 məhbusdan biri olub. Məhbusun yaxınlarından biri bu barədə İranda İnsan Haqları Təşkilatına məlumat verərək məhbusun son vaxtlar ağır işgəncələr altında saxlandığını bildirib.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar