SON XƏBƏRLƏR

Yarızarafat, yarıciddi: ayrı-seçkilik, yoxsa…

2021.10.20, 07:36
Yarızarafat, yarıciddi: ayrı-seçkilik, yoxsa…

Gunaz.tv
Buş niyə Gürcüstana özü gəlir, Azərbaycana xalasıoğlunu göndərir Yola salmaq üzrə olduğumuz həftə ABŞ prezidenti Corc Buşun xalasıoğlu Con Uolker Azərbaycana gəldi. Cənab Uolkerin səfərinin məqsədi Azərbaycanın məhkəmə sistemi ilə tanışlıq olub. Hər halda rəsmi açıqlamada belə deyilirdi. Maraqlıdır: niyə qonşu Gürcüstana Corc Buş özü səfər etdiyi halda, bizə xalasıoğlunu göndərir? Burada hansısa ayrı-seçkilik, ikili standart ola bilərmi? Bu yarızarafat, yarıciddi suallarla ölkə siyasilərinə müraciət etdik. ALP-nin sədr əvəzi Əvəz Temirxan deyir ki, bu, hansısa ayrı-seçkiliyin yox, Azərbaycan hakimiyyətinin apardığı antidemokratik siyasətin nəticəsidir: "Corc Buşun Qafqaz ölkələrindən ancaq Gürcüstana gəlməsi orada demokratik dövlətçiliyin bərqərar olmasına dəstək əlaməti idi. Heç də təsadüfi deyil ki, bu günlərdə ABŞ-ın üçüncü şəxsi Kondaliza Rays da region ölkələrindən ancaq Gürcüstana səfər etdi. Doğrudur, Şaakaşvili hakimiyyəti də tam demokratik deyil, amma İlham Əliyev hakimiyyəti ilə müqayisə olunmaz dərəcədə demokratikdir. Buşun xalasıoğlunun Azərbaycana gəlməsi göstərir ki, ABŞ Gürcüstanla dövlətlərarası münasibət saxlayır, Azərbaycanla isə ailələrarası… Axı bizdə qohumbazlıq, tayfabazlıq çiçəklənmə dövrünü yaşayır, ona görə də Buşun Azərbaycana xalasıoğlunu göndərməsi hakimiyyətin mahiyyətinə uyğundur". Politoloq, Müsavat Divanının üzvü Hikmət Hacızadə isə Uolkerin səfərini ABŞ-ın Azərbaycana ayrı-seçkili münasibətinin təzahürü sayır: "Corc Buş gərək baldızını göndərərdi də… Bu, düzgün deyil axı. Xalasıoğlunu göndərib, bu da açıq-aşkar kişi-qadın bərabərliyini pozmaqdır. Hə, mən ayrı-seçkilik deyəndə gender məsələsini nəzərdə tuturam, Azərbaycanla Gürcüstan arasında ayrı-seçkilik salmasını yox". Müsavat Partiyasının başqan müavini Qabil Hüseynli deyir ki, Buşun xalasıoğlu rəsmi şəxs deyil, ona görə də bu səfər rəsmi xarakter daşımır: "Daha çox işgüzar xarakter daşıyan və biznes maraqları güdən bir səfərdi. Ona görə bu görüşü üst səviyyəyə qaldırıb, siz deyən nəticəyə gəlməyə ehtiyac duymuram". Qabil bəyin nəzərinə C.Uolker Azərbaycanda rəsmi səfərdə olduğunu və məhkəmə sistemi ilə yaxından maraqlandığını çatdıranda cavabı belə oldu: "Bizim məhkəmələrlə bağlı Qərbin müəyyən tənqidi mülahizələri var. Xüsusən məhkəmə sisteminin kifayət qədər müstəqil olmaması, sifarişli qərarlar çıxarılması ilə bağlı. Görünür, bu mənada Uolkerin maraq obyekti məhkəmələrin necə işlədiyini müşahidə etmək olub. Amma mən güman etmirəm ki, onun statusu Azərbaycanın siyasi sisteminin bu qolu haqqında hər hansı bir beynəlxalq quruma hesabat yazmağa imkan versin". ADP sədrinin birinci müavini Həsrət Rüstəmov deyir ki, Gürcüstana Buşun, Azərbaycana isə onun xalasıoğlunun gəlməsi açıq-aşkar ayrı-seçkilikdir və bunun da səbəbi bizim müsəlman olmağımızdır: "Elə bir neçə gün əvvəl Kondaliza Rays Tiflisdə olanda Gürcüstanın NATO-ya üzv olmasını təklif edib. Belə bir münasibət Azərbaycanla bağlı müşahidə olunmur. Halbuki Bakı Vaşınqtona həm strateji, həm də enerji maraqları baxımından Tiflisdən daha çox gərəkdir. Amma Azərbaycanın müsəlman ölkəsi olması Ağ Evi gürcülərə bizdən daha diqqətlə yanaşmağa məcbur edir. Başqa bir səbəb də ola bilər - bu da qonşumuzun demokratik dəyişikliklər baxımından Azərbaycandan xeyli irəli getməsidir". Elvin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar