SON XƏBƏRLƏR

Azərbaycanın tanınmış hüquq müdafiəçiləri güneyli fəallarla bağlı BMT-ə müraciət etdi

2021.10.20, 07:36
Azərbaycanın tanınmış hüquq müdafiəçiləri güneyli fəallarla bağlı BMT-ə müraciət etdi

Gunaz.tv

İnsan haqları müdafiə təşkilatları xüsusilə 2020-ci ilin sentyabrından bu günə kimi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının haqlı savaşına dəstək verdikləri üçün İran hökumətinin basqılarına məruz qalan güneyli siyasi fəallarla bağlı BMT və Beynəlxalq Əfv Təşkilatına məktub göndəriblər.

İnsan haqları qurumlarının başçılarının Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Əfv Təşkilatına ünvanladıqları müraciətdə deyilir:

“Biz, Azərbaycanın fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında son vaxtlarda həbs olunan fəalların taleyindən narahatlığımızı bildiririk.

Bəlli olduğu kimi, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi qonşu İranda yaşayan əslən azərbaycanlı olan vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb. 

Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər fəal Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib.

Aksiya zamanı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhər məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb".

Bəyanatda güneyli milli fəallara qarşı çıxarılan hökmələrin ədalətsiz və qərəzli olduğu bildirilir.

"Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Mürtəza Pərvin, Müctəba Pərvin, Hamed Heydəri, Məhəmməd Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İran İslam Respublikası Cinayət Məcəlləsinin 607-ci maddəsinə əsasən təqsirli bilinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik göstərmək ittihamı ilə 7 ay 16 gün, ictimai asayişi pozmaq ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.

Habelə Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirməsi iddiası ilə cərimə olunub.

Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilib və müvəqqəti azadlığa buraxılıblar"-deyə, bəyanatda bildirilir.

Bəyanat müəllifləri güneyli siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib:

"Biz, Azərbaycanın hüquq müdafiəçiləri İran İslam Respublikasında son aksiyalar zamanı fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsini, onlara qarşı qeyri-insani tərzdə davranılmasını pisləyirik.

Milli-siyasi fəalalrın həbs edilməsini insan hüquqlarının pozulması kimi qəbul edir, buna ciddi narazılığımızı bildiririk.

Siyasi fəalların dərhal azadlığa buraxılmasını tələb edir və Sizdən bizim tələbimizə dəstək vermənizi xahiş edirik”.

Bəyanatı

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının

Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, Helsinki Vətəndaş Cəmiyyətinin Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Azərbaycan İnsan

Hüquqları Mərkəzinin sədri Eldar Zeynalov, Azərbaycan İnsan Hüquqları Mərkəzinin proqramlar koordinatoru Zəlihə Tahirova, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı imzalayıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar