SON XƏBƏRLƏR

Azərbaycan Gənclər Parlamenti yaradılır, 30 üzvü olacaq

2021.11.01, 14:48
Azərbaycan Gənclər Parlamenti yaradılır, 30 üzvü olacaq

Gunaz.tv

Bu barədə Milli Məclisdən məlumat verilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ulu öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilmiş Azərbaycan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf etdiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyən edildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Məhz bu gənclik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun əsas qüvvəsi olaraq 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən həmişəlik azad etdi. 

Vətən müharibəsində Azərbaycan gəncliyi öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldi. Fəaliyyətə başlaması nəzərdə tutulan Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin social-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin gənclərin Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirak etməsi baxımından olduqca mütərəqqi təsisat olacaq.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov nitqində bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə gənclərin birinci forumu keçirilib. Növbəti il də Gənclər günü təsis edilərək Şərqi Avropada ilk dəfə Azərbaycanda Gənclər günü elan edilib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətdə biz gənclərin məhkəmə, icraedici orqanlarda irəli çəkilməsi, həm də hazırda parlamentdə gənc deputatların təmsil olunması ölkəmizin gənclərinin potensialından xəbər verir. 

Gənclər Fondunun icraçı direktoru bildirib ki, biz bu potensialı torpaqlarımızın işğaldan azad edilməsi zamanı da gördük: “Azərbaycan Gənclər Parlamenti uzun illərdir ölkəmizdə müzakirə olunan layihələrdən biri idi. Hazırda bu layihənin uğurlu olmasının səbəbi Milli Məclis tərəfindən tanınmasıdır. 

Layihənin əsas məqsədləri gənclərin Milli Məclisin fəaliyyətinə cəlb olunmasıdır. Azərbaycan Gənclər Parlamentində 30 gəncin təmsil olunması nəzərdə tutulur. Belə ki, 13 iqtisadi rayonumuzun hərəsindən 2 nəfər, Bakı iqtisadi regionundan isə 4 nəfər nəzərdə tutulur”.

Tədbirdə iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatları Şahin İsmayılov, Nigar Arpadarai, Kamal Cəfərov, Ramin Məmmədov, Emin Hacıyev çıxışlarında Azərbaycan Gənclər Parlamentinə uğurlar arzulayıblar. Bu layihənin gənclərin siyasətə cəlb olunması üçün yaxşı imkan yaradacağına ümid etdiklərini diqqətə çatdırıblar. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar