SON XƏBƏRLƏR

Azay Quliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır"

2022.01.25, 09:26
Azay Quliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır"

Gunaz.tv

ATƏT PA-nın büro iclasında beynəlxalq təhlükəsizliyin hazırkı durumu geniş müzakirə edilib. 

Büro üzvləri son günlər Qazaxıstanda, o cümlədən Ukrayna ilə bağlı Şərqi Avropada yaranmış vəziyyətlə əlaqədar fikirlərini bildiriblər.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev büro iclasında mövzu ətrafında çıxış edərək bir neçə vacib məsələyə toxunub.

Deputat bildirib ki, Ukrayna ətrafında yaranmış təhlükəsizlik böhranın həlli ilə bağlı aparılan danışıqlar hələ ki, müsbət nəticə verməyib və tərəflər arasında olan mövcud fikir ayrılığı çox təhlükəli nəticələrə gətirib çıxara bilər. 

Deputat çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində son vaxtlar atılan addımlar haqqında da məlumat verib: “Keçən ayın, yəni, dekabrın 14-də Brüsseldə Avropa İttifaqının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında keçirilən Üçtərəfli görüşdə post-münaqişə məsələləri ətraflı müzakirə edilib.

Brüssel görüşündə Ermənistan nəqliyyat kommunikasiyalarının, xüsusilə Zəngəzur dəhlizinin açılması və dövlət sərhədlərinin delimitasiyasına başlanılması haqqındakı əvvəlki öhdəliyini yeniləyib. 

Avropa İttifaqı da öz növbəsində bu məqsədlə investisiya layihələrini maliyyələşdirməyə razılıq verib. Azərbaycan vaxt itirmədən hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır”.

ATƏT PA-nın vitse-prezidenti 44 günlük İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən biri kimi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə hər iki tərəfdən xüsusi nümayəndənin təyin olunmasını və onların ilk görüşünün yanvarın 14-də Moskvada keçirilməsini mühüm yenilik adlandırıb: “Gələn həftədən etibarən razılaşmaya əsasən Türkiyə və Ermənistan qarşılıqlı olaraq təyyarə resylərinin açılması haqqında qərar qəbul ediblər.

Ümid edək ki, bu cür addımlar regionda qalıcı sülhün və barışın bərqərar olmasına ciddi töhfə verəcək”.

Sonda Azay Quliyev Qazaxıstandakı hadisələr zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verdiyini bildirib, konstitusiya quruluşunun bərpasına yönəlik fəaliyyətində Qazaxıstan xalqına və hökumətinə uğurlar arzulayıb. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar