SON XƏBƏRLƏR

Zəncan Əyaləti: Tarəmdə içməli su və köç problemi var – Şəhər İcra Hakimiyyəti başçısı

2021.10.20, 07:36
Zəncan Əyaləti: Tarəmdə içməli su və köç problemi var – Şəhər İcra Hakimiyyəti başçısı

Gunaz.tv

GünAz TV: Zəncan Əyalətində yerləşən Tarəm Şəhr İcra Hakimiyyəti başçısı Fridun Haşimnəjad təmsil etdiyi şəhər və ətraf kəndlərin içməli su və köç problemindən söz açıb.

 

O bu barədə “kənd festivalı” keçirildiyi zaman jurnalistlər qarşısında çıxışı zamanı deyib.

 

Tarəm şəhərində əhalinin artım səviyyəsinin mənfi olduğunu bildirən F.Haşimnəjad şəhərin problemlərinin çözülməsi üçün kənd təsərrüfatı, yeni yolların salınması və caddələrin təmiri, eləcə də turizm sahəsində bir çox işlərin görülməsininin vacib olduğunu deyib.

 

“Kənd təsərrüfatı sahəsində inkişafın əldə olunması şəhərin iqtisadi imkanlarını artıraraq əhalinin köçünün də qarşısını ala bilər. Hazırda Tarəm əhalisinin sayı 50 min nəfərdir, lakin bu şəhərin əslində 150 min əhalisi var. Onların əksəriyyəti Tehran, Həmədan, Gilan əhalətləri və ətraf şəhərlərdə yaşayır”- deyə o bildirib.

 

Tarəm əhalinin təbii artım səviyyəsində durğunluq yaşandığını deyən Şəhər İcra Hakimiyyəti başçısı şəhər əhalisinin getdikcə qocaldığını bildirib. “Ölkə və Əyalət üzrə çox sayda tarəmli müxtəlif rəsmi postlarda təmsil olunur, onların içində olduqca istedadlı və bacarıqlı insanlar var. Tarəmdən köçən 10 min şəxs bu şəhərə qayıdarsa, bölgəndə inkişafın sürətlənməsinə şahid olardıq”- deyə o vurğulayıb.

 

F.Haşimnəjad bölgə əhalisinin  içməli su probleminə də toxunub.

“Abbər şəhəri və ətraf kəndlərdə içməli su problemi yaşanır. Tarəm kəndlərinin 85 faizi işıq və təbii qazdan istifadə edə bilir. Lakin bu çox azdır, bütün kəndlər diqqətdə saxlanılmalıdır”- deyə o deyib.

 

Qeyd edək ki, araşdırmalara görə, dünya üzrə mühacirətlərin böyük əksəriyyəti ictimai və fərdi azadlıq və iqtisadi vəziyyətlə bağlıdır. İran coğrafiyasında eyni siyasi sistem hakim olduğuna görə, ölkədaxilindəki köçləri əsasən iqtisadi vəziyyətlə izah etmək mümkündür. Bunu ölkənin müxtəlif əyalətlərində mövcud olan sosial-iqtisadi infrastruktur, işsizlik, iqtisadi vəziyyət, sərmayə yatırımı, böyük şirkətlərin fəaliyyəti, son vaxtlar isə su böhranı və ətraf mühit kimi amillər müəyyənləşdirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar