SON XƏBƏRLƏR

Zəncanda yeni salınmış 7 şəhərcikdə məktəb yoxdur

2021.10.20, 07:36
Zəncanda yeni salınmış 7 şəhərcikdə məktəb yoxdur

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın bütün əyalətlərində təhsil sahəsində bir çox problem yaşanır.

 

Zəncan Əyaləti Təhsil Şöbəsinin rəis müavini Hüseyn Həsənlu “Təsnim” xəbər agentliyi ilə danışığında Zəncanda şəhərciklərdə yaşayan şagirdlərin təhsil probleminə toxunub.

 

“Yeni salınmış şəhərciklərdə heç bir təhsil ocağı və məktəb yoxdur. Hətta bəzilərində olsa da, bu məktəblər bütün sinifləri əhatə etmir, orada təhsil alan şagirdlər başqa məktəblərə üz tutmalı olur.”- deyə o bildirib.

 

Hüseyn Həsənlu məktəbi olmayan şəhərciklərin adını da açıqlayıb: Nanəvayan, “Şəhr ara”, “Şəhrək qərb”, “Şəhrək nəsr”, Elahiyyə, Punək və Gülşəhr.

 

Təhsil Şöbəsinin rəis müavini bildirib ki, yeni şəhərciklərin sakinləri təhsil almaq üçün uşaqlarını yaşadıqları şəhərciyə ən yaxın olan məktəblərə göndərməyə məcbur olur.

 

“Əyalətdə 300-dən çox məktəb xeyriyyəçilər tərəfindən tikilib. Yeni salınmış şəhərciklərdə yaşanan məktəb probleminin xeyriyyəçilər və ya Məktəblərin Yenidənqurma İdarəsi tərəfindən aradan qaldırılması ilə bağlı müzakirələr aparılır.”- deyə Hüseyn Həsənlu sözlərinin sonunda vurğulayıb.

 

Qeyd edək ki, oxşar problem Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Xüsusi ilə kiçik kənd və qəsəbələrdə yaşayan şagirdlər köhnə və təhlükəli məktəb binalarında təhsil alır. Bu kimi məntəqələrdə əhalinin təhsil ocağı ilə bağlı çətinlikləri müəyyən qədər xeyriyyəçi soydaşlarımız tərəfindən öz həllini tapır.

 

N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar