SON XƏBƏRLƏR

Zəncanlı öyrənci fəal Pərisa Rəfiidən siyasi fəalların acınacaqlı saxlanma şəraiti ilə bağlı açıq məktub

2021.10.20, 07:36
Zəncanlı öyrənci fəal Pərisa Rəfiidən siyasi fəalların acınacaqlı saxlanma şəraiti ilə bağlı açıq məktub

Gunaz.tv

GünAz TV: Zəncanlı öyrənci fəal Pərisa Rəfii siyasi fəallar, xüsusi ilə də qadınların İran həbsxanalarında acınacaqlı vəziyyətdə saxlandığına kəskin etiraz edib.

 

Bu məqsədlə açıq məktub yazan Tehran Universitetinin fəal öyrəncisi bir çox önəmli məsələyə toxunub.

 

“2018-ci ilin birinci günlərində baş verən hadisələrlə bağlı (İranda dey ayı nümayişləri adlanır) saxlanma dalğasından təxminən 1.5 il keçir. Yüzlərlə öyrənci fəal həbs və işgəncə cəzasına məhkum edildi, öyrəncilərin etirazının davam etməsinə baxmayaraq onları repressiyaya məruz qoyan qüvvələr az da olsa təzyiqlərini azaltmayıb.

Bu məktubu yazmağa o halda qərar verdim ki, bunun bədəli çox ağır ola bilər. Necə ki, Beynəlxalq Fəhlə və Zəhmətkeşlər Günündə saxlanılanlardan Mərziyyə Əmirinin məlum olmayan bir təcridxanaya köçürülməsinə şahid olduq və bu günə qədər kimsə onun hansı vəziyyətdə və harada saxlandığını bilmir.”- deyə o məktubunun başlanğıcında qeyd edib.

 

Həbsxanalarda siyasi fəallar, xüsusi ilə də qadınlara qarşı edilən təzyiq və işgəncələri ifşa edən Pərisa Rəfii təcridxanada yaşadığı bir çox problem, xüsusi ilə də iki məsələni açıqlayıb.

“Mənə heç vaxt məlum olmayan bir təcridxananın təknəfərlik kamerada 21 gün saxlandım. Siyasi məhbusların adsız təcridxanalarda saxlanması və ya intiqal edilməsi çox dəhşətlidir. Bu təcridxanalarda saxlanılan şəxslərin ailəsi onlardan xəbərsiz olur, özləri də dəhşətli psixoloji gərginlik keçirir. Onlarda elə bir təsəvvür yaradılır ki, artıq kimsənin onların harada saxlandığını bilməsi mümkün deyil və bu olduqca acınacaqlıdır.

Saxlandığım zaman məni sorğu-suala tutan şəxs, dosyemə nəzarət edən məhkəmə nümayəndəsi ilə birlikdə məni bakirelik testinə göndərmək istədi. Mən bütün təzyiqlərə baxmayaraq buna çox sərt reaksiya verib və müqavimət göstərdim, ona görə də istədiklərinə nail ola bilmədilər. Bununla əlaqədar şikayət etmək də istədim, lakin imkan vermədilər. Mənim kəskin etirazımla rastlaşdıqdan sonra “istədik ki, bu haqda hansısa iddia olmasın” deyə bəhanə gətirdilər. Ehtimal edirəm ki, bəhanə etdikləri iddia, təcavüzə məruz qalmaqla bağlıdır. Halbuki, elə bir dəhşətli təcridxanada və gizli kameraların olduğu yerdə belə bir iddia irəli sürmək mənasızdır.”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Pərisa Rəfii sözlərinin davamında həbsxanalarda yalnız siyasi məhbuslar deyil, digər cinayətlərə görə həbs edilib və ya saxlanılan məhkumların hətta daha ağır vəziyyətdə saxlandığını bildirib. O məhbusların vəziyyətinin yaxşılaşdırılması üçün müqavimət göstərəcəyini və bu istiqamətdə əlindən gələni edəcəyini vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar