SON XƏBƏRLƏR

Zərif: “İran Trampın rəftarları qarşısında proqnozlaşdırılmamış addımlar ata bilər”- FOTO

2021.10.20, 07:36
Zərif: “İran Trampın rəftarları qarşısında proqnozlaşdırılmamış addımlar ata bilər”- FOTO

Gunaz.tv

GünAz TV: Həsən Ruhaninin ölkəsinin neft sata bilmədiyi təqdirdə, beynəlxalq sularda təhlükəsizliyin olmayacağını deməsi ilə eyni zamanda Məhəmməd Cavad Zərif də bildirib ki, “Trampın rəftarları qarşısında İran proqnozlaşdırılmayan addımlar ata bilər”.

 

Skandinaviya bölgəsinə səfəri çərçivəsində Stokholm Beynəlxalq Sülh Araşdırmaları Mərkəzində çıxış edən Zərif deyib: “Prezident Tramp özünün gözlənilməz addımlar atdığı təqdirdə, digərlərindən gözlədiyi addımları atacağını düşünə bilməz. Hər iki tərəfin proqnozlaşdırılmamış addımlara əl atması hərc-mərcə yol açacaq.”

 

Xatırladaq ki, 1 ildən bir az artıq müddətdir ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında sanksiyalar, rəsmi Tehranın terrorizmə göstərdiyi dəstək, eləcə də son aylar ərzində körfəz və Oman dənizində ticari gəmilərə etdiyi hücum və Cəbəli-Tariqdə İrana məxsus neft tankerinin saxlanması səbəbindən gərginliklər yaşanır.

 

Zərif həmçinin Qərbə xitabən xəbərdarlıq edib ki, “Amerikanın İrana qarşı iqtisadi müharibə apardığı bir vaxtda sizin körfəzdə təhlükəsizliyiniz olmayacaq”.

 

Qeyd etmək lazımdır ki, Həsən Ruhani ötən gün hökumət kabinetinin Əli Xamneyi ilə görüşündə etdiyi çıxışda oxşar təhdidlər dilə gətirmişdi. O, İrana qarşı təzyiqlərin, eləcə də neft satışının sıfıra endirilməsi üçün tətbiq edilən embarqoların dünya və regionda təhlükəsizliyə xələl gətirəcəyini demişdi.

 

 

Bundan öncə də Ruhani də daxil olmaqla, İranın bir çox rəsmiləri neft sata bilməsələr, Hörmüz boğazını bağlayacaqlarını bildiriblər. Amerika və körfəz ətrafında yerləşən ölkələr isə buna imkan verməyəcəklərini bəyan ediblər.

 

Körfəzdə gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün Amerikanın rəhbərliyi altında dəniz koalisiyasının qurulması bu istiqamətdə irəli sürülən təkliflərdən biridir və bu günə qədər bir neçə ölkə ona qoşulmağa hazır olduğunu bildirib.

 

Siyasi analitiklər Həsən Ruhani və Cavad Zərif kimi rəsmilərin bu cür təhdidləri dilə gətirmələrində bir neçə mühüm nöqtə olduğunu deyirlər. Belə ki, Qərb ölkələrinin hər zaman vurğuladığı kimi, rəsmilərin bu sözləri bir daha göstərir ki, İran hər zaman öz maraqlarını təmin etmək üçün dünyanın və regionun hər bir bölgəsində sülh və təhlükəsizliyi pozacaq terror və təxribat addımlarına əl atmağa hazırdır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar