SON XƏBƏRLƏR

Zərif Qasım Süleymaninin xarici siyasətdə rolunun olmasını etiraf edib

2021.10.20, 07:36
Zərif Qasım Süleymaninin xarici siyasətdə rolunun olmasını etiraf edib

Gunaz.tv

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçdə yaşayan iranlılarla görüşü zamanı “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın rəhbəri Qasım Süleymaninin ölkəsinin xarici siyasətində rolu olmasını üstüörtülü şəkildə etiraf edib.

 

O bildirib ki, xarici işlər naziri kimi təyin edildikdən sonra Səudiyyə Ərəbistanının o dövrkü XİN rəhbəri Səud bin Feysal bin Ədbüləzizlə əlaqə saxlayıb, müzakirələr aparmaq təklifi irəli sürüb və deyib: “Əgər mənim böyük malaçı (rejimin bəd əməllərini ört-bastır edən-red) olduğumu düşünürsünüzsə, onda Qasım Süleymani sizinlə söhbət etsin.”

 

“Səudiyyələr bildirirlər ki, Zərifin heç bir səlahiyyəti yoxdur, bizim problemimiz general Süleymani ilədir. Nazir olandan sonra Qasım Süleymani ilə danışdım. Səud bin Feysala Yəmən, Bəhreyn, Suriya, İraq və Livan barədə müzakirələr aparmağa hazır olduğumuzu bildirdik”- deyə İran XİN-in rəhbəri əlavə edib.

 

Zərif qeyd edib ki, “səudiyyəlilərə dedim ki, mənim böyük malaçı olduğumu düşünürsüzsə, o zaman Qasım Süleymani sizinlə danışsın”.

 

Zərifin “böyük malaçı” sözündən istifadə etməsi ona qarşı sanksiya tətbiq ediləndən sonra ABŞ Dövlət Departamentinin Zərifi belə adlandırmasına işarədir.

 

Xatırladaq ki, iyulun 31-də ABŞ Maliyyə Nazirliyi İranın xarici işlər nazirinə sanksiya tətbiq etdiyi barədə bəyanat yaymışdı.

 

Bundan sonra Dövlət Departamenti “Twitter”də yazdığı statusda qeyd etmişdi: “Bu gün Birləşmiş Ştatlar Xamneyinin böyük malaçısı olan Cavaz Zərifə qarşı sanksiya tətbiq etdi. O, Xamneyi mafiasının digər üzvləri kimi, rejimin yağmaçılıq siyasətində pay sahibidir.”

 

Zərifin bu çıxışı onun Qasım Süleymaninin xarici siyasətdə oynadığı rolun açıq-aşkar etiraf etdiyi nadir hallardan biridir. Bundan öncə amerikalı rəsmilər dəfələrlə bildiriblər ki, Cavad Zərif və prezident Həsən Ruhaninin əslində heç bir səlahiyyəti yoxdur, ölkənin bütün prioritetlərini Əli Xamneyi müəyyənləşdirir. Buna görə də, rəsmilər yalnız Xamneyinin tapşırıqlarını icra edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar