SON XƏBƏRLƏR

Zərif: “Tramp hökumətinin rəsmiləri Amerikanı İranla savaşa sövq etdirmək istəyirlər”

2021.10.20, 07:36
Zərif: “Tramp hökumətinin rəsmiləri Amerikanı İranla savaşa sövq etdirmək istəyirlər”

Gunaz.tv

GünazTV: Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 26-da “FoxNews” telekanalına müsahibəsində Amerikanın hökumət rəsmilərini Vaşinqtonu İrana qarşı müharibəyə təhrik etməkdə günahlandırıb.

 

Zərif bildirib ki, onun fikrincə, şəxsən ABŞ prezidenti Donald Tramp İranla müharibə etmək niyyətində deyil: “Hesab edirəm ki, Amerika prezidenti sadəcə olaraq hər hansı bir savaşdan çəkinməklə bağlı seçkilər zamanı tərəfdarlarına verdiyi vədə sadiq qalmaq istəyir. Lakin buna baxmayaraq, düşünürəm ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Tehranla Vaşinqton arasında olan mövcud çaxnaşmanı qızışdıraraq, Amerikanı İranla savaşa sövq etdirməyə çalışırlar.

 

Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman, eləcə də Əbu-Dabinin vəliəhdi Məhəmməd Bin Zayid, Amerikanın İranla müharibəyə başlaması ilə bağlı maraq və niyyətlərini gizlətmir, bunu dəfələrlə göstəriblər. Trampın isə əsas məqsədi İranı diz çökdürməyə vadar etmək üçün Tehrana qarşı maksimum təzyiq göstərməkdir. Lakin bu təzyiqlər nəticə verməyəcək” –deyə Zərif əlavə edib.

 

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

 

Aprelin 15-də isə, “Sepah” rəsmən ABŞ Dövlət Departamentinin xarici terrorçu qruplar siyahısına salınaraq, onun adı Amerika Birləşmiş Ştatlarının federal hökumətinin rəsmi jurnalında (FEDERAL REGİSTER - The Daily Journal of the United States Government) qeydə alınıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar