SON XƏBƏRLƏR

Cümhuriyyət qurucuları

2021.10.20, 07:36
Cümhuriyyət qurucuları

Gunaz.tv
Cümhuriyyət qurucuları nesiman170508.jpg Azərbaycan Xalq Cümhuriyyəti himninin müəllifi - Üzeyir Hacıbəyli N. YAQUBLU Uzun illər boyu Üzeyir Hacıbəylinin ilk himnimizin müəllifi olması haqqında az məlumatlar verilib. Üzeyir bəyin 1918-1920-ci illərdə "Azərbaycan" qəzetindəki fəaliyyəti isə qaranlıq saxlanılıb. İlk Müstəqil Cümhuriyyətimizin əsas təbliğat kürsüsündəki Vətən sevgili, millət duyğulu yazıları ilə sevilən Üzeyir bəy həmin illərdəki marşları, himnləri ilə də xalqımıza, onun azad və müstəqil yaşamasına əvəzsiz xidmətlər göstərdi. Ü.Hacıbəylinin sonradan yaşamağa məcbur olduğu sovet rejimi çox siyasət yürütsə də onu "sovetləşdirə" bilmədi. Bu mənada Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə nüfuzunu hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir bölüm rəsmi və siyasi vəzifə ünvanlarla onu "mənimsəmişdir... Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri Türk tarixindən kimsə ayıramaz! O milli Azərbaycan varlığının qaynaqları arasında qalacaq ayrılmaz bir dəyərdir!" Ü.Hacıbəyli 1885-ci ilin sentyabrın 18-də anadan olub. Şuşada H.Vəzirovun müdir olduğu rus-tatar məktəbində təhsil alıb. 1899-1904-cü illərdə Qori müəllimlər seminariyasında oxuyub. Bir müddət kənd məktəbində müəllimlik edib. 1905-ci ildə "Həyat" qəzetində tərcüməçi, "İrşad" da isə əməkdaş olub. 1905-1907-ci illərdə Bakı şəhəri yaxınlığında Bibiheybətdə kənd şəhəri məktəbində ana dili, riyaziyyat, rus dili, coğrafiya və musiqidən dərs deyib. 1907-ci ildə Ü.Hacıbəyli "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türkcə-rusca və rusca-türkcə lüğət"ini hazırlayıb. 1908-ci ilin 12 yanvarında Ü.Hacıbəylinin məşhur "Leyli və Məcnun" operası tamaşaya qoyulub. Ü.Hacıbəyli sonradan "Tərəqqi" qəzetində çalışmış. "Həqiqət" qəzetinin redaktoru olub. Bu illərdə o, "Şeyx Sənan", "Ər və arvad", "Rüstəm və Söhrab", "O olmasın, bu olsun", "Şah Abbas və Xurşud Banu", "Əsli və Kərəm", "Arşın mal alan" opera və musiqi komediyalarını yazıb. Bir müddət isə Moskvada İlyinskinin xüsusi musiqi kursunda təhsil alıb. 1915-ci ildə o, "Yeni İqbal" qəzetinin baş redaktoru olaraq çalışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra bu dövlətin yaşaması üçün ciddi işləri görənlərdən biri də Ü.Hacıbəyli idi. İstər musiqiləri ilə istərsə də yazdığı məqalələrlə Ü.Hacıbəyli müstəqil, Azərbaycana bağlılığını ifadə edirdi. Ü.Hacıbəylinin ən böyük xidmətlərindən biri Azərbaycan Xalq Cümhuriyyətinin himnini bəstələməsi oldu. Ü.Hacıbəyli 1918-ci ilin sentyabrın 15-dən nəşrə başlayan, dövlət qəzeti olan "Azərbaycan"ın fəal jurnalistlərindən biri, sonra isə redaktoru olub. "Azərbaycan" qəzetinin 1919-cu ilin yanvarından, yəni 89-cu saydan 1919-cu il 4 iyul tarixli 216-cı saya qədərki nəşrinin müvəqqəti redaktoru olub. 1919-cu ilin sentyabrın 1 dən - 265-ci saydan 1920-ci ilin aprelinə - yəni Azərbaycanın işğalına qədərki olan dövrdə isə "Azərbaycan" qəzetinin müdiri vəzifəsini icra edib. Ü.Hacıbəylinin bütün məqalə və yazıları millət ağrıları, xalqın problemləri ilə yüklənib. Ü.Hacıbəyli bu məqalələri ilə xalqın yolgöstərəninə, onu bəlalardan qurtaran xilaskara çevrilir. "Mərəzlərimizdən biri" məqaləsində yazırdı: "Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz, şairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır". Yaxud özünün "Yeni iqbal" qəzetində nəşr etdirdiyi "Nəyimizin vaxtıdır" məqaləsində Ü.Hacıbəyli ciddi məqamlara toxunurdu: "Ümumi ictimai işlərdə öz seçdiyimiz adamlar vasitəsi ilə iştirakə ixtiyarımız olduğu halda, bu ixtiyardan lazımınca mənfəətbərdar olmadığınızı birinci məqaləmizdə bəyan etdik. Milli işlərimizə gəlincə burada dəxi tərzi hərəkətimiz laqeydanə bir surətdə olub bu cürə işlərin icrası üçün bizə verilmiş olan ixtiyarlardan dəxi layiq dərəcədə istifadəyə qadir ola bilmirik". Ü.Hacıbəyli 1909-cu ildə "Həqiqət" qəzetində çap edilmiş "Bəyani-məslək" məqaləsində yazırdı: "Məslək nədir? Məslək hər kəsin etiqad etdiyi bir yoldur. Ümumi xoşbəxtliyini, asayişi və aramın, rifahı-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xidmət edən şəxs xəyanət etməməlidir. Bəlkə o məsləkin daha ali və daha müqəddəs bir yola yaxınlaşması üstündə çalışmalıdır. İnsan öz məsləkini dəyişə bilərmi? Ü.Hacıbəyli "Hər işi öz əhlinə tapşırmalı" məqaləsində isə narahatçılıqla yazırdı: "Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın camaatlarımıza heç bir mənfəət verməməsinə və tez bir zamanda pozulub dağılmasına səbəb odur ki, o cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Yəni, üzərlərinə götürdükləri məsuliyyət və vəzifəni layiqincə ifa edə bilmirlər". Üzeyir bəy "Öz halımızdan" məqaləsində isə düşündüklərini belə yekunlaşdırırdı: "Bəli, istər oxumuşlarımız, istər oxumamışlarımız arasında istedad və qabiliyyəti - xariqüladə sahibləri heç yox deyildir və gələcəkdə da olacaqdır. Bu cürə adamların da millət üçün və hətta ümuminsaniyyət üçün mənfəətli olduğunu söylədik. Ancaq bunlardan istifadə etmək lazımdır". Ü.Hacıbəyli 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı məqalələrdə isə jurnalistin daha çox vətənpərvərliyini göstərirdi. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı münasibəti ilə Ü.Hacıbəyli "Təəssürat məqaləsini yazdı. Bu sadəcə bir məqalə deyildi. Müstəqil və azad vətənini bütün varlığı ilə sevən bir vətəndaşın, bu yolda hər fədakarlığa hazır olan insanın səmimi duyğuları idi. O, yazırdı: "Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi... Parlaman imarətinin içində zinyət cümləsindən diqqəti cəlb edən şey qiymətli xalılar deyil idi. Bəlkə qiyməti ucuz, lakin mahiyyəti-milliyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayraqlarımız idi. Məhəmməd Əmin açılış nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amallı-əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endirilsə bilməz! - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssüratı fövqəladədən başımın tükləri biz-biz durdu". Sonra Üzeyir bəy M.Ə.Rəsulzadənin bir siyasi lider kimi maraqlı portretini yaradır: "Məhəmməd Əmin qaliba nikbin və nikbinliyində sabit məqam olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməyə başladı. Padişahlı məmləkətlərdə məclisi məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin məclisi-məbusanını bir nəfər Vətən övladı açdı. Məhəmməd Əmində natiqlikdə "patent" qazanmış olan "aratorlara" məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb sözlərinin dəruni-qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi". Ü.Hacıbəyli Azərbaycan istiqlalının bir illik yubileyi münasibəti ilə yazdığı "Bir yaş" məqaləsində istiqlal sevgisini belə açıqlayırdı: "Bu gün istiqlalını elan etmiş olduğumuz və istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk dövlətinin bir yaşı tamam olub da ikinci yaşa qədəm qoyduğu gündür... Növzad dövlətmizin təvəllüdü, ana bətnindən doğulması - çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi... Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri mehribanın, nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar, həm anası bətnindən balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xaşıl etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcədə böyük bir qüvvətə haiz idi ki, zəif cism, qüvvətli güc sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi. Ana Vətən doğdu... Və bu gün doğduğu övladının səneyi-dövriyyəsi münasibəti ilə bayram qurub və övladını mavi, al və yaşıl rəngli parçalarla bəzəyib nümayişkaranə bir surətdə bəyani-iftixar etməkdədir". Ü.Hacıbəylinin "Azərbaycan" qəzetində nəşr edilən məqalələri mövzu baxımından müxtəlifdir. Və o, bu məqalələrini sadəcə çap olunmaq üçün yazmırdı, Azərbaycan Xalq Cümhuriyyətinin yaşaya bilməsi narahatlığından yazırdı. Budur, qələmə aldığı "Eyni müamilə gözləyirik" məqaləsində Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmadığını göstərir. Eyni zamanda bildirir ki, ermənilərin inadı sındırılmalı və boş xəyalatdan əl çəkməlidirlər. Ü.Hacıbəylinin bu dövrdə yazdığı məqalələrin başlığına diqqət edək: 1) Düşmənlərimizin fəaliyyəti; 2) Ehtiyat lazımdır; 3) Fitnələr qarşısında; 4) Qarabağ haqqında hərəkətlər; 5) Ordumuz; 6) Ciddi hərəkət lazımdır; 7) Yeni kabinə; 8) Dağıstan və biz; 9) İçimizdəki denikinlər; 10) Əsassız tələb; və s. Bu illərdə Ü.Hacıbəyli çox məhsuldar çalışıb. Ümumilikdə isə 100-ə qədər məqalə nəşr etdirib. 1918-ci ilə qədər nəşr edilən yazılarının ümumi sayı isə 500-dən çoxdur. Maraqlıdır ki, sovet hökuməti zamanında Ü.Hacıbəyli çox az sayda məqalələr yazdı və bunların da əksəriyyəti yalnız musiqi ilə bağlı idi. Ü.Hacıbəyli məqalələrini aşağıdakı imzalarla çap etdirirdi: 1) Ü.Hacıbəyli, 2) Üzeyir; 3) Hacıbəyli; 4) Filankəs və s. Ü.Hacıbəyli böyük uzaqgörənliklə sovet rejiminin insanlıq üçün fəlakət gətirəcəyini yazdığı bir məqalədə qeyd edirdi. 1920-ci ildə aprelin 25-də "Azərbaycan" qəzetinin 82-ci sayında "Çi" imzası ilə nəşr etdirdiyi "Zurna" məqaləsində yazırdı: "Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təvafüt yoxdur, xeyir! Təvafüt vardır və o özü də bundan ibarətdir ki, Nikolaylar və generallar hökuməti bizə həmişə "isvoloç" deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər. Bəs bundan demək olmaz ki, xalı və gəbə xammaldır, hər halda bunu söyləyən böyük səhv edir". Ü.Hacıbəyli 1920-ci ilin 27 aprel işğalından sonra bütün bacarığını yalnız musiqiyə həsr etdi. Azərbaycanda musiqi sənətinin inkişaf etdirilməsi sahəsində böyük fəaliyyət göstərdi, türk musiqi məktəbinə və Dövlət Konservatoriyasına başçılıq etdi. 1937-ci ilin aprelin 30-da isə özünün məşhur "Koroğlu" operasını tamaşaya qoydu. Ü.Hacıbəyli 1948-ci ilin 23 noyabrında vəfat etdi. Onun ölümü münasibəti ilə qardaşı C.Hacıbəylinin də redaktoru olduğu, Almaniyanın Münhen şəhərində yayınlanan "Azərbaycan" jurnalı yazırdı: "Üzeyir bəyin vəfatından sonra, sovetlər bayağı mənfəətləri üçün onun adına muzey açmaq, abidə tikmək qərarını vermişlər. Sovetlər nə qədər çabalayırlarsa, çabalasınlar, sənəti ilə məhəbbət və etimad təlqin edən, Şərq musiqisinin seyrini dəyişdirmiş olan Azərbaycanın bu böyük fədakar və səmimi oğlunu - yaradılış xariqəsi Üzeyir Hacıbəylini nə Azərbaycandan, nə də Türk-Müsəlman tarixindən heç bir qüdrət ayıra bilməz". Nəsiman YAQUBLU [email protected]/* */ 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar