SON XƏBƏRLƏR

QAFQAZDAKI MÜHARİBƏ “NABUKKO” LAYİHƏSİNİ GÜNDƏMDƏN ÇIXARDI

2021.10.20, 07:36
QAFQAZDAKI MÜHARİBƏ “NABUKKO” LAYİHƏSİNİ GÜNDƏMDƏN ÇIXARDI

Gunaz.tv
QAFQAZDAKI MÜHARİBƏ “NABUKKO” LAYİHƏSİNİ GÜNDƏMDƏN ÇIXARDI Vüqar Bayramov: “Çox güman Azərbaycan öz qazının bir hissəsini ”Qazprom” vasitəsilə satacaq” 329.jpg Mətbuatda yer alan məlumata görə, Bakı-Tiflis-Ceyhanın partladılması ilə əlaqədar neft daşınmasında alternativ marşrut kimi istifadə olunan Bakı-NovoroSsiysk kəməri ilə neftin nəqli dayandırılıb. Xatırladaq ki, bir neçə gün əvvəl Bakı-Supsa kəmərilə bağlı da analoji addım atılmışdı. Nəzərə çatdıraq ki, baş verən son hadisələrə görə Azərbaycana dəyən iqtisadi ziyanla bağlı heç bir rəsmi açıqlama yoxdur. Bir sıra müstəqil ekspertlər ölkənin və xarici şirkətlərin iqtisadi ziyanını 500 mln dollar məbləğində qiymətləndirir. Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şaban isə bazara 1 həftədir məhsul çıxarılmamasının itki kimi təqdim olunması ilə razılaşmır. Onun fikrincə, infrastruktur bərpa ediləndən sonra bazara lazım olandan daha çox məhsul çıxarıb, gəlir əldə etmək mümkündür. Bəzi ekspertlər də düşünür ki, neft nəql edildiyi kəmərlərin və limanın bağlanması Azərbaycana öz mənfi təsirlərini göstərəcək. Hakimiyyət neft və qaz ixracatı dayananda ölkə iqtisadiyyatının hansı vəziyyətə düşməsindən dərs götürməlidir. Qeyri-neft sektorunun inkişafında müəyyən təşəbbüslər, real işlər görməlidir. Onu da nəzərə çatdıraq ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətdədir. Ölkənin bütün ticarət dövriyyəsinin təxminən 80 faizi neft və neft məhsullarının satışından asılıdır. Mövzu ətrafında söhbət etdiyimiz iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, Gürcüstan-Rusiya münaqişəsinin iqtisadi təsirlərini xarakterizə etmək üçün neftin və ya qazın nəqlinin dayandırılması ilə bağlı Azərbaycanın problem yaşaması önə çıxarılmamalıdır: “Nəzərə almaq lazımdır ki, Gürcüstan-Rusiya müharibəsi perspektiv olaraq birbaşa regional layihələrə neqativ təsir göstərəcək. O cümlədən Gürcüstan vasitəsilə Azərbaycandan Avropaya göndərilən və eyni zamanda Avropadan ölkəyə gətirilən qeyri-neft məhsullarının nəqlinə problemlər yaradacaq. Tranzit ölkəsi olan Gürcüstanda yaşanan problemlər Azərbaycan iqtisadiyyatı üçün çox ciddi neqativ təsirlərə malikdir. Konkret olaraq neftin nəqlinin dayandırılmasına gəlincə, bu gün dövlət büdcəsi gəlirlərinin 2/3-dən artığı neft sektorunun payına düşür. Azərbaycanın dövlət büdcəsi neft sektorunun büdcəsinə çevrilib. Düşünmürəm ki, Gürcüstan-Rusiya müharibəsi qeyri-neft sektorunun inkişafının stimullaşdırılması və ya hökumətin bu sahəyə diqqətini artırması istiqamətində dərs olsun. Əvvəla, ona görə ki, bu müharibəyə qədər də hökumətə qeyri-neft sektorunu inkişaf etdirməsinin zəruri olduğunu diqtə edən vəziyyət yaranıb. Əgər Azərbaycan dünyada neft və qaz ölkələrində öz təsdiqini tapan neqativ dərslərdən nəticə çıxarmırsa, güman etmirəm ki, neftin nəqli ilə bağlı yaranmış problem hökumətin qeyri-neft sektorunun inkişafına diqqət ayırmasına gətirib çıxarsın. 2 ildən artıqdır azad iqtisadi zonaların yaradılması ilə bağlı təkliflər səsləndirilir və hələ də bu istiqamətdə konkret addımlar atılmayıb. Digər tərəfdən, Yeni Yaşma sənaye şəhərciyinin salınmasına dair hökumətdə, o cümlədən İqtisadi İnkişaf Nazirliyində istər maliyyə, istərsə də digər əsaslandırmalar hazırlanmışdı. Güman olunurdu ki, sənaye şəhərciyi ilə bağlı layihə 2007-ci ildə parlamentin müzakirəsinə veriləcək. Təəssüf ki, layihənin reallaşdırılması arxa plana keçdi. Neft gəlirlərinin artması hökumətin bu tip layihələrə etinasız yanaşmasına səbəb oldu. Problem odur ki, Azərbaycan neft satışından olduqca böyük miqdarda gəlir əldə edir. Dünya Bankının hesablamasına görə, 2008-ci ildə ölkənin neft gəlirləri 25 milyard dollara çatacaq. Bu gün gündəlik gəlirlər 50 milyon dollar təşkil edir. Azərbaycanın neft sektoru hesabına gəlirlərinin artması hökumətdə arxayınçılıq yaradır. Düşünürlər ki, dövlət gəlirləri stabil olaraq artacaq. Çox təəssüf ki, hökumət ”Holland sindromu", Nigeriya modeli kimi acı dərslərdən nəticə çıxarmır". Ekspert hesab edir ki, bütün hallarda Azərbaycan öz neftini nəql edə biləcək: “Hətta Rusiya vasitəsilə neftin nəqlində problem yaransa, hökumət alternativ kəmərlərin tikintisi haqqında düşünəcək. Baxmayaraq, neftin Avropa və dünya bazarlarına çıxarılması Gürcüstan vasitəsilə daha uğurludur, ancaq bütün hallarda bu, hökumət üçün problem deyil”. V.Bayramov BTC-nin beynəlxalq layihə olduğunu xatırladaraq, kəmərin qorunacağını ehtimal edir. Hətta Gürcüstan-Rusiya müharibəsinin davam edəcəyi təqdirdə belə. O, həmçinin bildirdi ki, neft hasilatının dinamikası qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasının vacibliyini diqtə edir:"2008-ci ildə Azərbaycanda təxminən 350 milyon barrel neft hasilatı gözlənilir. 2009-cu ildə bu rəqəm 420 milyon barel, 2010-cu ildə 450 milyon barel təşkil edəcək. 2011-ci ildə 410 milyon barel neft hasilatı gözlənilir. Artıq 2015-ci ildən Azərbaycanda neft hasilatı 250 milyon barelədək azalacaq. 2020-ci ildə ölkədə neft hasilatı 90 milyon barel olacaq. 2015-ci ildən neft gəlirlərinin azalmağa başlaması Azərbaycan üçün olduqca ciddi problemlər yarada bilər". V.Bayramov neftin nəqlinin dayandırılmasının Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) ziyan vurduğunu dedi: “Satılmalı olan məhsul satılmadığı üçün dövlət büdcəsinə və ABƏŞ-in büdcəsinə daxilolmalar azalır. Digər tərəfdən, dünya bazarına çıxarılmalı olan, lakin çıxarılmayan neft sonrakı dövrlərdə bazara çıxarıla bilər. Neft köhnələn və ya qısa müddətdə öz keyfiyyətini itirən məhsul deyil. Lakin nəzərə almaq lazımdır ki, nəql edilməyən neftin saxlanması ilə bağlı müəyyən xərclər var”. Onun sözlərinə görə, neft satışından ölkəyə 2008-ci ildə kifayət qədər böyük vəsait daxil olduğu üçün hökumət orta müddətdə “qara qızıl”ın nəqlinin dayandırılmasını problem kimi görmür. V.Bayramov həmçinin regionda problemlərin qısamüddətli olmayacağının güman edildiyini də dedi: “Ən azı ona görə ki, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra ”Nabukko" kəməri də gündəmdən çıxıb. Kəmərin reallaşması ilə bağlı müzakirələr aparılmır. Türkmənistan hökuməti öz qazının Rusiyanın dövlət şirkəti olan “Qazprom” vasitəsilə satılmasının mümkünlüyünə dair bəyanatlar verir. Güman edilir ki, Azərbaycan da öz qazının bir hissəsini “Qazprom” vasitəsilə satsın. Belə olan halda neftin və qazın Avropaya çıxarılması üçün kəmərlərin sayı az olacaq. Gələcəkdə problemlərin Azərbaycan iqtisadiyyatına daha neqativ təsir göstərməsini azaltmaq üçün qeyri-neft sektorunun inkişafı əsas şərtdir". Leyla ƏLİYEVA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar