SON XƏBƏRLƏR

Təbrizdə bəhailərə məxsus obyektlərin bağlanması davam edir

2021.10.20, 07:36
Təbrizdə bəhailərə məxsus obyektlərin bağlanması davam edir

Gunaz.tv

GünAz TV: İranda bəhai inancına mənsub insanlara təzyiqlər yeni vüsət alıb.

 

Son məlumata görə, Təbrizdə daha iki bəhainin ticarət obyektlərinin bağlandığı, bir neçəsinə isə iş yerlərinin möhürlənəcəyi barədə xəbərdarlıq edilib.

 

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, İctimai Məkanlara Nəzarət İdarəsinin (Əmakin) məmurları Təbrizdə Behnam və Əlirza Ağabalayinin iş yerlərinə müraciət edərək onlara məxsus ticarət obyektlərini möhürləyiblər.

 

Təbrizdə yaxın günlərdə daha çox bəhainin işsiz qalacağı gözlənilir. Onlara, obyektlərinin bağlanacağı haqda rəsmən xəbərdarlıq edilib.

 

İranda bəhai inancına mənsub insanlara təzyiqlər prezident Həsən Ruhani dövründə daha da artıb.

 

Son iki həftə ərzində Təbrizdə 16 bəhai vətəndaşın (Şəhriyar Xudapənah, Turəc Misaqi, Kambiz Misaqi, Pərham Sabiri, Şiva İsaxani, Pəyam Zəfəryab, Behnam Ağabalayi, Məhəmməd Hökmran, Ənis Hökmran, Fərhad Nəbati, Behruz Nurdel, İnayət Mollayi, Behnam Şəfii, Əlirza Ağabalayi, Nəvid Eyqani və Behruz İsaxani) ticarət obyekti İctimai Məkanlara Nəzarət İdarəsi tərəfindən möhürlənib.

 

“Herana” bundan öncəki yaydığı hesabatda bildirib ki, Təbrizdə 16 obyekt bağlandıqdan sonra Kirman, Sistan-Bəluçistan və Şərqi Azərbaycan əyalətlərində (hansıki bu əyalətlərdə bəhailərə qarşı təzyiqlər digər əyalətlərlə müqayisədə azdır) bağlanan bəhailərə məxsus obyektlərin sayı 90-na çatıb.

 

Obyektlərin hansı səbəbdən möhürləndiyi açıqlanmır. Lakin rejimin bəhailərin iqtisadi fəaliyyətinə müdaxilə etməklə onlara bu şəkildə təzyiq göstərdiyi kimsəyə gizli deyil. İranda islam inqilabından sonra müxtəlif yollarla bəhailərə təzyiq edilib, onlara qarşı ayrı-seçkilik siyasəti yürüdülüb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar