SON XƏBƏRLƏR

Zərif: “İranla İsrail arasında birbaşa müharibə ehtimalı var”

2021.10.20, 07:36
Zərif: “İranla İsrail arasında birbaşa müharibə ehtimalı var”

Gunaz.tv

GünAz TV: Zərif Almaniyanı “Süddeutsche Zeitung” qəzeti ilə müsahibəsi zamanı İsraili beynəlxaql qanunları, eləcə də Suriya və Livanın hava sərhədlərini “pozmaq”da ittiham edib.

 

Zərif rəsmi Tel-Əvivin “Suriyada macəra axtarmağı”nın “təhlükəli” olduğunu deyərək, bunun İranla birbaşa müharibəyə yol aca biləcəyi ehtimalından da danışıb: “İsrail macəra axtarışındadır, marəra axtarmaq isə həmişə təhlükəlidir”- deyə İran xarici işlər naziri əlavə edib.

 

Qeyd etmək lazımdır ki, Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan sonra İran bu ölkəyə qoşun yeridib. “Sepah”ın “Qüds Briqadası” və ona bağlı yaraqlılar Bəşər Əsədin öz müxaliflərini sıradan çıxarması və sivil insanlara qarşı törətdiyi qətliamlarda ona yaxından kömək ediblər. Son illər ərzində isə İran Suriyanın İsraillə yaxın ərazilərində möhkəmlənməyə çalışır. Rəsmi Tel-Əviv isə bunu öz təhlükəsizliyi üçün böyük təhlükə hesab etdiyindən, tez-tez İranın Suriyadakı hərbi birləşmələrinə qarşı hava əməliyyatları keçirir.

 

4 il İsrailin baş qərargah rəisi olmuş və bu yaxınlarda öz vəzifəsini tərk edən Qadi Eyzenkot “New York Times” və yerli media orqanlarına verdiyi müsahibələrində qeyd edib ki, onun bu vəzifədə olduğu dövrdə İsrail Hərbi Hava Qüvvələri yüz dəfələrlə İranın Suriyada olan silahlı qüvvələrinə və onlara bağlı qruplara qarşı hava zərbələri endirib. O, müsahibələrin birində “Sepah”ın “Qüds Briqadası”nın rəhbəri Qasım Süleymaniyə xitabən bildirib ki, “Bizə qarşı addım atan öz canını təhlükə qarşısında qoyur”.

 

Ondan sonra İsrailin baş naziri Benyamin Netanyahu isə bildirmişdi ki, ölkəsi yanvar ayında Dəməşq Hava Limanında hava hücumunu İranın silah anbarlarını məhv etmək üçün reallaşdırıb. Bundan əvvəl də İsrail İranın Suriyadakı silahlı qüvvələri və onlara bağlı yaraqlılara qarşı 100 dəfələrlə hava zərbələri endirib.

 

Netanyahu İsrailin yeni baş qərargah rəisinin təqdimatı mərasimində də ölkəsinin Suriyada olan “Sepah” üzvlərinə və İranın bu ölkədəki bazalarına qarşı əməliyyatlarını davam etdirəcəyini deyərək, rəsmi Tehrana Suriyadan çıxmağı tövsiyə etmişdi.

 

Fevralın 17-də  Münhen Təhlükəsizlik Konfransında iştirak edən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif isə ona ünvanlanan “regionda yeni müharibə təhlükəsi varmı?” sualına  cavabında “Hə, bəziləri bunu istəyirlər” demişdi. Zərif daha sonra bəzilərinin İsrail olduğunu bildirmişdi.

 

İsrailin Suriyada “Sepah” üzvlərinə və İran bazalarına qarşı keçirdiyi hava hücumlarında bu günə qədər onlarla “Sepahçı” və İrana bağlı yaraqlılar həlak olub. İran bütün bunların qarşısında İsraili sözdə hədələməklə kifayətlənib. Yanvar ayında Dəməşq Hava Limanında İsrailin İran silah anbarlarına qarşı keçirdiyi hava əməliyyatında sonra isə rəsmi Tehran Rusiyanın hücumlar zamanı S300 sistemlərini söndürməsini kəskin tənqid etmişdi. Bundan sonra isə İranla Rusiya arasında diplomatik qalmaqal yaşanmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar