SON XƏBƏRLƏR

Abbas Lisani Yəzd şəhərinə aparılıb

2024.09.01, 22:19
Abbas Lisani Yəzd şəhərinə aparılıb

Dünən təhlükəsizlik məmurları tərəfindən Ərdəbildəki şəxsi mənzilində həbs edilən keçmiş siyasi məhkum Abbas Lisani, iki illik sürgün cəzasını çəkmək üçün məcburi şəkildə Yəzd şəhərinə aparılıb.

Gunaz.tv

Bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilib ki, milli hərəkat fəalı Yəzd şəhərinin təhlükəsizlik idarəsinə aparılıb, orada təhdid edilib.

O, sürgün cəzasına tabe olmayacağı təqdirdə barəsində daha ağır cəza tədbirləri görüləcəyi, cəza müddətinin artırılacağı ilə hədələnib.

Abbas Lisani barəsində çıxarılan zalım və qanunsuz sürgün cəzası qərarına tabe olmayacağını bildirib.

Milli hərəkat fəalının ailəsinin verdiyi məlumata görə, o, təhlükəsizlik idarəsindən buraxıldıqdan sonra, vətənə geri qayıtmaq üçün Yəzd şəhərinin avtovağzalına yollanıb.

Xatırladaq ki, 31 avqust 2024-cü il tarixində, təhlükəsizlik və polis qüvvələri keçmiş siyasi məhbus və milli hərəkatın tanınmış fəalı Abbas Lisaninin Ərdəbil şəhərindəki evinə hücum edib, onu özləri ilə aparıblar.

Həbsdən sonra təhlükəsizlik qüvvələri Lisaninin evində axtarış aparıb, ona məxsus şəxsi əşyaları, o cümlədən evin təhlükəsizlik kameralarının DVR cihazını müsadirə ediblər. 

Abbas Lisani, bundan əvvəl 5 avqust 2024-cü ildə sürgün cəzası ilə bağlı məhkəmənin göndərdiyi çağırışı qanunsuz adlandıraraq ona məhəl qoymayıb.

Xatırladaq ki, Abbas Lisani, 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra, "ümumi amnistiya və cəzaların azaldılması" haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.

Keçmiş siyasi məhbus məcburi sürgün cəzasını çəkmək üçün Yəzd şəhərinə göndərilsə də,  o, Yəzd şəhərinə çatdıqdan sonra bu cəzanı qanunsuz adlandıraraq Ərdəbilə qayıdıb.

Məhkəmə qərarları ilə bağlı işin vəkili Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər cənab Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi. 

Bu səbəbdən, milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar