SON XƏBƏRLƏR

Yəmən husiləri Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunu hədəfə aldı; Ər-Riyadda 11 nəfər yaralanıb

2026.11.25, 20:32
Yəmən husiləri Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunu hədəfə aldı; Ər-Riyadda 11 nəfər yaralanıb

Gunaz.tv

İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodu olan Ras-Tənura müəssisəsini və Ər-Riyadın maliyyə rayonunu dron hücumları ilə hədəfə aldıqlarını açıqlayıblar. Səudiyyə rəsmiləri dörd dronun havada zərərsizləşdirildiyini, paytaxta hücum nəticəsində isə 11 nəfərin yaralandığını bildiriblər.

“Reuters”in məlumatına görə, husilərin hərbi sözçüsü Yəhya Səri çərşənbə günü, noyabrın 25-də qrupun Səudiyyə Ərəbistanının şərqində yerləşən Ras-Tənura neft emalı zavoduna hücum etdiyini və nəticədə müəssisədə yanğın baş verdiyini iddia edib. O, həmçinin Ər-Riyadın maliyyə rayonunun üç mərhələdə hədəfə alındığını bildirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya isə hava hücumundan müdafiə sistemlərinin Ras-Tənura bölgəsində dörd dronu ələ keçirərək məhv etdiyini açıqlayıb. Peyk görüntülərində müəssisənin ətrafında sıx tüstü müşahidə olunsa da, Səudiyyə rəsmiləri və “Saudi Aramco” şirkəti dəymiş zərərin miqdarı və zavodun fəaliyyətinə mümkün təsir barədə hələlik məlumat verməyib.

Ras-Tənura zavodunun gündəlik neft emalı gücü təxminən 550 min bareldir. Müəssisə Səudiyyə Ərəbistanının əsas xam neft ixrac terminallarından birinin yaxınlığında yerləşir.

Eyni zamanda, Səudiyyə Ərəbistanının Mülki Müdafiə qurumu noyabrın 24-də Ər-Riyadın maliyyə rayonundakı binalardan birinə edilən hücum nəticəsində 11 nəfərin yaralandığını bildirib. Həmin bina noyabrın 19-da da hücuma məruz qalmışdı.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar