Pezeşkianın tərəfdarı kimi tanınan "Təbrizone" teleqram kanalı Prezidenti cəsarətsizlikdə ittiham edib.
"Türk dilində iki misra oxuduğuna görə bəzilərinin cəsarətlənib dünyanın ən önəmli simalarından birini, yəni İran prezidentini danlamasının bircə səbəbkarı var: Pezeşkianın özü. Əslində Pezeşkian özünü elə aparır ki, başqaları onu əmr etməyə cürət edir!",- yazıda qeyd olunub.
Yazıda Məsud Pezeşkianın seçki qabağı azərbaycanlılara verdiyi vədlər xatırladılıb, onun indiki durumunun bu vədləri yerinə yetirə bilmyəcəyinə nümunə olduğu yazılıb:
"Xalq onu ana dilində təhsil, federalizm, Süngün mis mədəni, Urmiya gölü, ölkədəki embarqoların aradan qaldırılması və başqa bu kimi çox daha vacib və çətin məsələləri həll etmək üçün seçib.
İndi sual olunur: O, bir şeirin cəmi iki misrasını oxuduğuna görə tənqid və etirazla üzləşdiyi halda, verdiyi başqa vədlərə qarşı olanların ağır təzyiqlərinə necə müqavimət göstərmək istəyir?".
Qeyd edək ki, Tehranda keçirilən "Təbriz Mədəniyyət həftəsi"ndə farsca çıxış edən Məsud Pezeşkian türk dilində şeir oxuduğuna görə ona irad bildirilib və o şeirin davamını oxumayıb.
Bu, ona səs verən azərbaycanlıların narahatlığı və narazılığı ilə qarşılaşıb və onlar prezidentin bundan əvvəl qeyri-fars dilləri ilə bağlı verdiyi vədləri yerinə yetirə bilməməkdə günahlandırıblar.
GünazTV