Bu haqda "Avroüçlüyün" xarici işlər nazirlərinin birgə bəyanatında deyilib.
Avropa üçlüyü İrana xəbərdarlıq edərək bildirib ki, “tətik mexanizmi”nın (sanksiyaların avtomatik qaytarılması) icrasından sonra gərginliyin artırılmasından çəkinməlidir.
"10 il əvvəl Qərbin Tehranla imzaladığı və BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının dayandırılmasına səbəb olan tarixi nüvə razılaşması – JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) artıq qüvvədən düşüb və BMT-nin İranın nüvə proqramı ilə bağlı geniş sanksiyaları yenidən qüvvəyə minib",- bəyanatda qeyd olunub.
Bəyanat müəllifləri, Almanya, Fransa və İngiltərə tərəfindən işə salınan “tətik mexanizmi" üçün nəzərdə tutulmuş müddətin 28 sentyabr bazar günü, Avropa mərkəzi vaxtı ilə saat 02:00-da başa çatdığını və bununla da BMT-nin bütün sanksiyalarının avtomatik olaraq bərpa olunduğunu diqqətə çatdırıblar.
Mexanizmin icrasından sonra Almanya xarici işlər naziri Yohann Vadefol, Fransa xarici işlər naziri Jan Noel Barro və Britaniya xarici işlər naziri İvet Kuper ortaq bəyanatda vurğulayıblar:
"Biz – Fransa, Almanya və Britaniyanın xarici işlər nazirləri – ortaq və fundamental bir hədəfi bölüşürük: İran heç vaxt nə istehsal, nə də inkişaf etdirmə istiqamətində nüvə proqramını inkişaf etdirməməli, nüvə silahı əldə etməməlidir. Bu məqsədlə ölkələrimiz əvvəlcə 2013-cü ildə “Birgə Fəaliyyət Planı”nı, daha sonra isə 2015-ci ildə JCPOA-nı ABŞ, Rusiya və Çinlə birlikdə təsdiqlədilər. Ancaq İranın davamlı və ciddi şəkildə öhdəliklərinə əməl etməməsi səbəbindən biz 28 avqust 2025-ci ildə sanksiyaların avtomatik bərpası mexanizmini işə saldıq".
Üç Avropa ölkəsi keçmiş danışıqların gedişini izah edərək və İranın öhdəliklərini pozmasına toxunaraq əlavə ediblər:
"Təəssüf ki, İran narahatlıqlarımızı aradan qaldırmaq üçün lazım olan addımları atmadı və tələblərimizə müsbət cavab vermədi. Geniş müzakirələrə baxmayaraq, o cümlədən son həftələrdə keçirilən görüşlərdə, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə nüvə obyektlərinə yenidən giriş imkanı və yüksək zənginləşdirilmiş uran ehtiyatları barədə hesabat təqdim etmədi".
Avropa üçlüyü qeyd edib ki, sanksiyaların bərpası barədə qətnaməyə uyğun olaraq bütün ölkələr nüvə silahlarının yayılmamasına dair beynəlxalq öhdəliklərinə sadiq qalmalıdır.
Fransa, Almanya və İngiltərə diqqəti bu qətnamələr əsasında qüvvəyə minən sanksiyaların tez və tam icrasına yönəldib. Onlar bütün BMT üzvlərindən bu sanksiyalara əməl etməyi tələb ediblər.
Bəyanatın sonunda üç ölkənin xarici işlər nazirləri qeyd ediblər:
"Ölkələrimiz diplomatik yolların və danışıqların davam etdirilməsi üçün səy göstərəcək. BMT sanksiyalarının bərpası diplomatiyanın sonu demək deyil. Biz İranı hər cür gərginlik yaradan addımlardan çəkinməyə və nüvə nəzarəti ilə bağlı məcburi öhdəliklərinə geri dönməyə çağırırıq. Üç Avropa ölkəsi İranın heç vaxt nüvə silahına sahib olmaması üçün bütün tərəflərlə əməkdaşlıq etməyə davam edəcək".
GünazTV