SON XƏBƏRLƏR

Avropa Parlamenti İranla bağlı qətnamə qəbul etdi

2025.11.28, 16:03
Avropa Parlamenti İranla bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti "İranda bəhailərə qarşı repressiyaların güclənməsini" qətiyyətlə pisləyən və İslam Respublikasını İranda bəhailərə qarşı ayrı-seçkiliyə, təqibə, həbsə, əmlak müsadirəsinə və hüquqlarının pozulmasına dərhal son qoymağa çağıran qətnamə qəbul edib.

Gunaz.tv

Bu barədə "Azad Avropa" (Radio fərda) məlumat yayıb.

Qətnamə 549 lehinə və 7 əleyhinə səslə qəbul edilib, Avropa Parlamentinin 31 üzvü bitərəf qalıb.

Qətnamədə Avropa Parlamenti Həmədan və İsfahanda 16 bəhai qadına 129 illik həbs cəzası verilməsinə, eləcə də ötən il təxminən 1200 bəhaiyə qarşı məhkəmə işlərinin açılmasına və həbs cəzasının verilməsinə toxunub.

Qətnamə müəllifləri İran hakimiyyətini inanclarına və ya dinlərinə görə, eləcə də insan hüquqlarını müdafiə etdiklərinə görə "müqəddəs yerləri təhqir etmək" və "milli təhlükəsizliyə qarşı hərəkət etmək" ittihamları ilə həbs edilən bütün şəxsləri dərhal azad etməyə və dini icmalara qarşı hər hansı bir təqibə son qoymağa çağırıb.

Avropa Parlamenti, İranda həbsdə olan bəhailərin üçdə ikisini qadınların təşkil etdiyini göstərən insan haqları qurumlarının hesabatına istinad edərək, bəhai qadınlarının İran məhkəmə sisteminin hədəfinə çevrilməsindən dərin narahatlığını ifadə edib. 

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Ötən illər ərzində İranda dini azlıqlara qarşı təzyiqlərlə bağlı hesabatların 72%-i bəhailərlə bağlı hüquq pozuntularına aiddir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar