SON XƏBƏRLƏR

Nazanin Esmixani, Əyyub Şərifi və Cavid Rzayi İran hakimiyyətinin gülləsi ilə həyatını itirib

2026.01.26, 17:39
Nazanin Esmixani, Əyyub Şərifi və Cavid Rzayi İran hakimiyyətinin gülləsi ilə həyatını itirib

Gunaz.tv

İran hakimiyyətinin etirazlara qarşı davam edən repressiyaları fonunda müxtəlif şəhərlərdə  üç yeniyetmə və gənc birbaşa atəş nəticəsində öldürülüb.

17 yaşlı Nazanin Esmixani 1404-cü ilin 18 Dey tarixində Qəzvin şəhərində keçirilən etirazlar zamanı alnından döyüş gülləsi ilə vurularaq həyatını itirib. Onun cənazəsi ölümündən sonra Xorvan Hesar kəndində dəfn edilib.

Bundan başqa, Qaşqay tayfasına mənsub 25 yaşlı Əyyub Şərifi cümə günü, 19 Dey tarixində Fars ostanının Kazrun şəhərində rejimin repressiv qüvvələri tərəfindən güllələnərək öldürülüb. Yerli mənbələrin bildirdiyinə görə, bu gənc fəhlənin ailəsi cənazəni təhvil almaq üçün Sepah Pasdaran qüvvələrinə “güllə pulu” adı altında 700 milyon tümən ödəməyə məcbur edilib. Ailə bu məbləği mal-qarasını satmaq və borc almaq yolu ilə toplayıb.

Bölgə sakinlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələri daha sonra Əyyub Şərifinin cənazəsini gecə saatlarında gizli şəkildə dəfn edərək ictimai dəfn mərasiminin keçirilməsinə mane olub.

Həmçinin Zəncan şəhərindən olan 17 yaşlı şagird Cavid Rzayi 18 Dey tarixində hakimiyyətin repressiv qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Bu yeniyetmə və gənclərin öldürülməsi İran hakimiyyətinin etirazçılara qarşı döyüş gülləsindən istifadə etdiyini, eləcə də həlak olanların ailələrinə qarşı təzyiqlərin davam etdiyini bir daha üzə çıxarır.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar