SON XƏBƏRLƏR

6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi

2026.08.21, 20:47
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi

Gunaz.tv

Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı cümə günü bildirib ki, ABŞ tərəfindən sanksiyaya məruz qalan və Vaşinqtonun məlumatına görə, İran neft məhsullarının daşınmasında iştirak edən bir tanker Yəmən sahilləri yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb və Somaliyə doğru aparılıb.

Eritreya bayrağı altında üzən “Sibo 1” tankeri cümə axşamı altı silahlı şəxs tərəfindən ələ keçirilib.

ABŞ Maliyyə Nazirliyi ötən ilin payızında “Sibo 1” tankerinə sanksiya tətbiq edib. Vaşinqton bildirir ki, bu tanker ABŞ-ın sanksiyalarından yayınmaq və İran neft məhsullarının daşınmasına yardım etmək üçün fəaliyyət göstərən “kölgə donanması”nın bir hissəsidir.

Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatının məlumatına görə, bu, cari ilin əvvəlindən etibarən Somali sahillərində və ya Ədən körfəzində hücuma məruz qalan ən azı 13-cü gəmidir.

Somali dəniz quldurları 2008–2014-cü illər arasında yüzlərlə hücum həyata keçirərək Hind okeanının qərb hissəsində ciddi təhlükəsizlik böhranı yaratmış və dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurmuşdular.

Beynəlxalq təhlükəsizlik qüvvələrinin koordinasiyalı fəaliyyəti nəticəsində bu hücumların qarşısı böyük ölçüdə alınmışdı. Lakin ekspertlər Somalidə iqtisadi və təhlükəsizlik problemləri aradan qaldırılmadığı müddətdə dəniz quldurluğunun yenidən güclənə biləcəyini bildirirlər.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar