SON XƏBƏRLƏR

Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək

2026.10.17, 16:27
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək

Gunaz.tv

Güney Azərbaycan türklərinin görkəmli elm və mədəniyyət xadimlərindən olan professor, doktor Məhəmmədtəqi Zehtabinin anım mərasimi 2026-cı il noyabrın 4-də Ankara Universitetində keçiriləcək. Tədbirdə Güney Azərbaycanın tanınmış etirazçı sənətçisi və müğənnisi Araz Elsəs də musiqi ilə çıxış edəcək.

Tədbir “Varlıq” dərgisinin təşəbbüsü və Ankara Universitetinin Türkologiya Cəmiyyətinin əməkdaşlığı ilə təşkil olunur. Mərasimdə bir sıra alimlər, tədqiqatçılar və mədəniyyət fəalları Məhəmmədtəqi Zehtabinin həyatı, düşüncələri, elmi və mədəni fəaliyyəti haqqında çıxış edəcəklər.

Proqram professorun həyatı haqqında sənədli filmin nümayişi ilə başlayacaq. Daha sonra Ankara Universitetinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları bölümünün müəllimi doktor Məhəmmədrza Heyətin moderatorluğu ilə elmi panel keçiriləcək.

Paneldə Giresun Universitetinin Türk Dili və Ədəbiyyatı bölümünün professoru Əli Qafqaziyalı və Məhəmmədtəqi Zehtabinin İsveçdə yaşayan keçmiş tələbəsi Azər Fərruxi çıxış edəcəklər.

Tədbirin bədii hissəsində isə Güney Azərbaycanın tanınmış etirazçı müğənnisi Araz Elsəs musiqi proqramı ilə çıxış edəcək.

Anım mərasimi 2026-cı il noyabrın 4-də, saat 14:00-da Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Müzəffər Göker salonunda keçiriləcək.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar