"Ağalar bilmədi birdir bu torpaq, Təbriz də, Bakı da Azərbaycandır..."-İstiqlal şairi Bəxtiyar Vahabzadənin anım günüdür

13.02.2022, 06:16

Bu gün milli şeirimizin, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadənin anım günüdür.

Gunaz.tv Quote | Gunaz article

Şair 1925-ci ildə Şəkidə fəhlə ailəsində anadan olub. O, kiçik yaşlarında ailəsi ilə Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanılıb, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövrü mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. 

Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. AMEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilib. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı.1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Onun yaradıcılığı çox zəngindir. Onun əsərlərində xeyirxahlıqdan, əməksevərlikdən, təbiət gözəlliyi kimi bir çox mövzulara toxunulub. Lakin Vətən haqqında yazıları şairin yaradıcılığının əsas qayəsini təşkil edib. Hələ sovet ideologiyasının hakim olduğu bir zamanda Azərbaycanın iki yerə parçalanmasına həsr etdiyi “Gülüstan” poeması Bəxtiyar Vahabzadə yaradıcılığının zirvəsini təşkil edir. 

O, “Gülüstan” poemasına görə 1962-ci ildə “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra bərpa edilib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib.

1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı törətdiyi qırğınlara etiraz olaraq Bakıdakı qətliama birbaşa rəhbərlik edən Dubinyak adlı rus generalının üzünə tüpürüb. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün bütün gücünü səfərbər edib.

Xalq şairi B.Vahabzadə 2009-cu ildə fevralın 13-də Bakıda vəfat edib. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social