SON XƏBƏRLƏR

Amerika yenidən İrana qarşı qəbul edilmiş beynəlxalq silah embarqosunun uzadılmasını istəyib- FOTO

2021.10.20, 07:36
Amerika yenidən İrana qarşı qəbul edilmiş beynəlxalq silah embarqosunun uzadılmasını istəyib- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəliyi İranın Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı 2019-cu ilin sentyabr ayında həyata keçirdiyi raket hücumunu qınayan yeni bəyanat yayıb.

 

BMT mütəxəssislərinin Yəmən müharibəsi ilə bağlı yeni hesabatı ilə birlikdə yayılan bəyanatda nümayəndəlik İranın təxribatçı siyasətləri və regiona qarşı yaratdığı təhdidlərə bir daha diqqət çəkərək, dünya ölkələrini rəsmi Tehrana qarşı silah embarqosunu uzatmağa çağırıb.

 

Diplomatik nümayəndəlik BMT mütəxəssislərinin husilərin bu cür hücum təşkil etmək potensiyalının olmaması barədə verdikləri rəyə işarə edərək, Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı raket və pilotsuz uçan aparatla həyata keçirilmiş hücumda İranın əli olduğunu bir daha vurğulayıb.

 

 

Rəsmi Tehran 2019-cu ilin sentyabr ayında baş tutmuş sözügedən hücumda əli olması faktını inkar edir. Hücumdan qısa müddət sonra İranın dəstəklədiyi husi yaraqlıları bütün məsuliyyəti öz üzərilərinə götürmüşdülər. Lakin ABŞ dəfələrlə İranı hücuma görə günahlandırıb və tapılmış raket qalıqlarının İran istehsalı olan raketlərlə eyniyyət təşkil etdiyini bəyan edib.

 

BMT mütəxəssisləri də Təhlükəsizlik Şurasına təqdim etdikləri son hesabatda husilərin istifadə etdikləri silah və pilotsuz uçan aparatların tapılan qalıq hissələrinin İran istehsalı olan silahlarla oxşar olduğunu vurğulayıblar.

 

Bəyanatda ABŞ-ın diplomatik nümayəndəliyi İranı həmçinin regionda fəaliyyət göstərən terror qruplaşmalarına maddi və hərbi yardım göstərməyə davam etməkdə, bu ölkənin Bağdaddakı səfirliyinə qarşı hücumlar təşkil etməkdə, nüvə reketliyi etməkdə və təxribatçı siyasət yürütməkdə ittiham edib.

 

 

Qeyd etmək lazımdır ki, İrana qarşı qəbul edilmiş beynəlxalq silah satışı sanksiyasının bitməsinə təqribən 36 həftədən az bir müddət qalıb. Rəsmi Vaşinqton bəyan edir ki, embarqonun uzadılmaması İranın daha güclü silahlar əldə etməsinə şərait yaradacaq. Bu isə beynəlxalq narahatlığı artırmaqla yanaşı, İranın regionda göstərdiyi təxribatçı fəaliyyətləri də gücləndirəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar