SON XƏBƏRLƏR

İran-Azərbaycan sərhədində atışma: 1 hərbçimiz həyatını itirib

2021.10.20, 07:36
İran-Azərbaycan sərhədində atışma: 1 hərbçimiz həyatını itirib

Gunaz.tv

GünAz TV: Bu gün saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

 

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

 

Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

 

Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

 

Hadisədən dərhal sonra DSX-nın rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.

 

DSX-nın rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həyatını itirib kiçik çavuş S.Məmmədovun atası ilə görüşüb və başsağlığı veriblər.

 

DSX rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.

 

Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılıb. 

 

Qeyd edək ki, bu gün İran prezidentinin rəsmi internet səhifəsində ingilis dilində yazılmış məqalədə də xoşagəlməz məqam qeydə alınıb. Belə ki, İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşən Azərbaycan Respublikasının xarici işlər naziri "Azərbaycanın İrana yeni təyin edilmiş səfiri" kimi təqdim edilmişdi. Görüşlə bağlı Həsən Ruhani və Elmar Məmmədyarovun şəkli yerləşdirilmiş məlumata "Azərbaycanın yeni səfirinin etimadnaməsinin qəbulu" başlığı verilib. Lakin saytın farsdilli bölməsində bu görüşlə bağlı ətraflı məlumat paylaşılmış və Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri kimi təqdim edilmişdi. Bu yazının təxribat və ya səhv olduğunu dəqiq demək mümkün deyil, amma İran prezidentinin rəsmi saytı daha sonra məsələ ilə bağlı məlumat yayaraq, üzr istəyib və "bu texniki səhvə yol vermiş tərcüməçinin cəzalandırıldığı və səhvin aradan qaldırıldığı"nı bəyan edib.

 

Digər tərəfdən, son günlər ərzində İranın Azərbaycana qarşı qərəzli və düşmən mövqeyinin yenə də qızışdığı nəzərə çarpır. İran inqilabının 40-cı il dönümü ilə bağlı çıxışında Həsən Ruhaninin Azərbaycana qarşı ərazi iddiaları səsləndirməsi, eləcə də Xocalı soyqrımının il dönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana dəvət edilərək, burada yüksək səviyyəli şəxslər və Əli Xamneyi ilə görüşlər keçirməsi, səsləndirilən bəyanatlar, Paşinyanın Ararat klubunda ermənilərlə görüşü zamanı "Qarabağın Ermənistana aid olması" ilə bağlı açılmış plakat bunun bariz nümunələrindəndir.

 

Bütün bunlarla yanaşı, İranın Azərbaycan Respublikası üzrə ixtisaslaşmış media resursları da davamlı olaraq ölkəmizə qarşı qərəzli yazılar paylaşır və bu məlumatlarda nəinki ölkənin daxili işlərinə müdaxilə edilir, eləcə də xalqımız təhqir edilərək, sekulyar həyat tərzi "əxlaqsızlıq" kimi təqdim edilir.

 

Ə.A 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar