SON XƏBƏRLƏR

İranı nüvə danışıqlarında təmsil edən Əli Baqeri Kəni Moskvaya səfər edib

2022.07.02, 07:18
İranı nüvə danışıqlarında təmsil edən Əli Baqeri Kəni Moskvaya səfər edib

Gunaz.tv

Bu barədə Rusiyanın Vyana səfirliyinin rəsmi tvitter hesabında məlumat yayılıb.

Məlumatda deyilir ki, Əli Baqeri Kəni iyulun 1-də Moskvada Rusiya xarici işlər nazirinin müavini Sergey Riabkov və Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov ilə görüşüb.

Bununla bağlı Mixail Ulyanov özünün tvitter hesabında görüş zamanı Rusiya rəsmilərinin Əli Baqeri Kəni və İran nümayəndə heyəti ilə Vyanada nüvə sazişinin hazırkı vəziyyəti və danışıqlar perspektivi ilə bağlı çox peşəkar fikir mübadiləsi apardıqlarını yazıb.

O, bütün çətinliklərə baxmayaraq nüvə danışıqlarının bərpasının mümkünlüyünü və bunun baş tutması üçün Amerikanın yumşaq mövqe göstərməli olduğunu qeyd edib.

Baqeri Kəninin Rusiyaya səfəri Qətərin paytaxtı Dohada İran-Amerika dolayı danışıqlardan iki gün sonra baş tutub.

Dohada danışıqların bu raundunun uğursuzluğundan sonra qərb diplomatları iyulun 1-də bildiriblər ki, nüvə danışıqlarını canlandırmaq səyləri, çox güman ki, Co Baydenin iyulun ortalarında Yaxın Şərqə səfərindən sonra bərpa olunacaq.

Yüksək rütbəli Amerika rəsmisi daha əvvəl "Reuters" agentliyinə Dohada İran və Amerika arasında dolayısı danışıqların nəticəsiz başa çatmasından sonra nüvə sazişinin bərpası şanslarının  azaldığını deyib.

Adının çəkilməsini istəməyən məmur, Dohadan sonra sazişin  bərpası perspektivinin əvvəlkindən daha pis olduğunu və gündən-günə daha da pisləşəcəyini bildirib.

Bu danışıqlardan əvvəl Avropa Birliyinin xarici siyasət rəsmisi Josep Borrell Rusiyanın nüvə razılaşmasının canlandırılmasına qarşı müxalif mövqeinə son verdiyini elan etmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar