SON XƏBƏRLƏR

İran Polis Qüvvələrinin komandiri Təbrizin millət vəkilini məhkəməyə verib

2022.10.15, 09:09
İran Polis Qüvvələrinin komandiri Təbrizin millət vəkilini məhkəməyə verib

Gunaz.tv

Məsələ ilə bağlı Türbəti-cam və Taybad şəhərlərinin İran parlamentindəki nümayəndəsi Cəlil Rəhimi Cahanabadi məlumat yayıb.

Məlumatda təbrizli millət vəkili Məsud Pezeşkiyanın məhkəməyə verilməsində onun əxlaq polisinin fəaliyyəti barədə çıxışının da təsiri olduğu qeyd edilib.

xatırladaq ki. Məhsa Əmininin öldürülməsindən sonra Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan mediada verdiyi açıqlamalarda əxlaq polisi və hökumətin fəaliyyətini tənqid edib.

O, məsələlərin təhrif edildiyini, Məhsa Əmininin öldürülməsində əli olanların cəzalandırılmadıqlarını, kamera qeydlərinin gizlədildiyini və vətəndaşlara doğru məlumat çatdırılmadığını demişdi.

Parlamentin azərbaycanlı üzvü hökumətin vətəndaşlara qarşı saymazlığını sürdürəcəyi təqdirdə hadisələrin nəzarətdən çıxacağını və qarşısıalınmaz məcraya yönələcəyini proqnozlaşdırmışdı.

Onun açıqlamalarından sonra təhlükəsizlik qurumları tərəfindən təzyiqlərə məruz qaldığı və vətəndaşları təmkinli olmağa çağıran müraciət yazmağa məcbur edildiyi bildirilir.

Məsud Pezeşkiyan 3 həftədir görünmədiyi, heç bir çıxış etmədiyi üçün nəzarətdə saxlanıldığı ehtimal edilir.

Bir neçə dövr İran parlamentinin nümayəndəsi və keçmiş səhiyyə naziri olan Məsud Pezeşkiyan İranda islahatçı və hazırkı hökumətə qarşı sərt tənqidi mövqeyi ilə seçilir.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar