SON XƏBƏRLƏR

Səccad Monadiyə qondarma ittihamla dosye təşkil olunur - Parsabadın Ettelaat Şöbəsində

2021.10.20, 07:36
Səccad Monadiyə qondarma ittihamla dosye təşkil olunur - Parsabadın Ettelaat Şöbəsində

Gunaz.tv

GünAz TV: Parsabad Ettelaat Şöbəsinin əməkdaşları azərbaycanlı milli-mədəni fəal Səccad Monadinin ailəsinə zəng edərək fəalın barəsində dosye təşkil olunduğunu qeyd edib.

 

Ettelaat əməkdaşları sentyabrın 13-də Monadi ailəsi ilə telefon əlaqəsi saxlayaraq onları təhdid ediblər. Fəalın ailəsinə bildirilib ki, “Səccad idarəyə müraciət etməsə, onun Ettelaat Şöbəsində saxlanılan avtomobili zəbt olunacaq, bu işin bədəli onun üçün çox ağır olacaq.”

 

Məmurlar “Divara şüar yazma” ittihamı ilə Səccad Monadinin adına dosye açıldığını da onun ailəsinin diqqətinə çatdırıb.

 

Bu barədə muğanlı fəallardan biri GünAz TV-yə danışaraq bildirib ki, “Parsabadda nə qədər divar yazılıbsa, hamısını Səccadın ayağına yazmaq istəyirlər.”

 

Bundan əvvəl Sarab şəhərinin Ettelaat Şöbəsi oxşar hərəkətə əl ataraq azərbaycanlı milli-mədəni fəal Səhənd Məali haqda dosye təşkil edib.

 

Sentyabrın 12-də Parsabad Ettelaat Şöbəsinin rəisi Həzrəti də daxil olmaqla, Ettelaat əməkdaşları Səccad Monadinin ata evinə hücum çəkərək onu yaxalamaq istəyiblər, lakin fəal evdə olmadığı üçün bu mümkün olmayıb.

Məlumata görə, evdə axtarış aparılıb, fəala aid kompüter, flash kart, pasport və milli kart məmurlar tərəfindən götürülüb.

 

Həzrəti sentyabrın 12-də bir neçə məmurla birlikdə məhkəmə hökmü təqdim etmədən Səccad Monadinin şəxsi avtomobilini təmir sexindən götürərək Ettelaat Şöbəsinə aparıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar