SON XƏBƏRLƏR

Təbrizin millət vəkili Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi məsələsinin gizlədilməsinə etiraz edib

2021.10.20, 07:36
Təbrizin millət vəkili Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi məsələsinin gizlədilməsinə etiraz edib

Gunaz.tv

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi cümə axşamı günü jurnalistlərlə söhbətində Həsən Ruhani hakimiyyətini sərt tənqid edib.

 

Hökumətin ötən illərdə iqtisadi siyasətinin yanlış olduğunu deyən millət vəkili koronavirus böhranı ilə mübarizədə də böyük səhvə yol verildiyini qiddətə çatdırıb. Onun sözlərinə görə, hökumət böhranın qarşısını almaqda məsuliyyətsiz yanaşma nümayiş etdirib, epidemiyanın qarşısını vaxtı-vaxtında ala bilməyib.

 

Millət vəkili sözlərinin davamında Şərqi Azərbaycan Əyalətinin ətraf mühitlə bağlı bəzi problemləri və bununla əlaqədar səlahiyyətli orqanların məsuliyyətsizliyinə toxunub.

“Mədən və sənaye müəssisələrinin fəaliyyəti ətraf mühitə ziyan vurmamalıdır. Mən dəfələrlə Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı xəbərdarlıq etdim. Lakin səlahiyyətli şəxslər problemi müxtəlif bəhanələrlə izah etməyə çalışdılar. Əyalətin Ətraf Mühitin Mühafizəsi İdarəsi problemi aradan qaldırmaq yerinə məsələni gizli saxlamağa çalışdı.”- deyə o bildirib.

 

Əhməd Əlirzabeygi Əndəryan qızıl mədəni ilə bağlı bir neçə səlahiyyətli şəxs, o cümlədən Şərqi Azərbaycan valisi və prokurora müraciət etdiyini də diqqətə çatdırıb. O bütün cəhdlərə baxmayaraq problemin həlli istiqamətində hər hansı addım atılmadınığı vurğulayıb.

 

Əhməd Əlirzabeygi Marağanın “Kavə Soda” Kimyəvi Sənaye zavodunun da ətraf mühiti çirkləndirdiyini bildirərək şirkətin fəaliyyətinə rəsmi orqanlar, o cümlədən valiliyin göz yumduğunu bildirib.

 

Millət vəkili Şərqi Azərbaycan valisinin Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirmədiyi ilə bağlı verdiyi açıqlamadan təəccübləndiyini deyib. “Mən cənab valiyə tövsiyyə edirəm ki, açıq-aşkar səhvlərə yol verməmək üçün açıqlama vermədən əvvəl ekspertlər və müşavirləri ilə məşvərət eləsin.”- deyə Əhməd Əlirzabeygi deyib.

 

Qeyd edək ki, təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziğan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar