SON XƏBƏRLƏR

Azərbaycan Gürcüstana yardım göstərib

2021.10.20, 07:36
Azərbaycan Gürcüstana yardım göstərib

Gunaz.tv
"Azərbaycan Gürcüstana yardım göstərib" qudret.jpg Qüdrət Həsənquliyev: "Gürcüstanın BMT-dəki səfiri çıxışı zamanı ciddi humanitar dəstəyə görə ön sırada ABŞ və Azərbaycan olmaqla 6 dövlətin adını çəkdi" "Gürcülər azadlıq istəyirlər, amma azadlıq üçün ölməyə hazır deyillər" Azərbaycanda prezident seçkilərində iştirakla bağlı mənzərə demək olar ki, aydınlaşıb. BAXCP-nin prezident seçkilərində namizədi, partiya sədri Qüdrət Həsənquliyev ənənəvi müxalifətin marafona qatılmamasını təsadüfi saymır. Çünki artıq nə xaricdəki dairələr, nə daxildəki korrupsioner məmurlar onlara maliyyə dəstəyi verir, nə də Qərbdən bu qüvvələrə seçkiyə qatılmaq tövsiyyə olunur. Azərbaycanın ordusunu gücləndirməsini zəruri sayan Qüdrət Həsənquliyev qonşu Gürcüstanda baş verən proseslər fonunda Rusiyanın maskasının yırtıldığını da vurğulayır. O, Azərbaycanın qəti seçim etməsini də zəruri sayır və tək, müttəfiqsiz qalmağımızı qeyri-məqbul hesab edir... Ramiz Mikyaıloğlu - Ənənəvi müxalifətin seçkiyə qatılmadığı bir durumda marafonda iştiraka qərar verməniz nə ilə bağlıdır? - Mübarizə formasını hər bir partiya özü seçir. Amma mən seçkidən kənara çəkilməyi ümumiyyətlə, mübarizə hesab etmirəm. Seçkiyə qatılmırsa, deməli, partiya fəaliyyət göstəmir. Kənardan seyr etməklə proseslər barədə fikir söyləmək mübarizə forması deyil. Mənim bu seçkilərin demokratik keçirilməsinə heç bir ümidim olmasaydı da belə, seçkilərə qatılacaqdım. Hər halda belə fikirdəyəm ki, Azərbaycanda demokratik seçkilər keçirilə bilər, keçirilməlidir, dövlətin, xalqın maraqları, mənafeyi bunu tələb edir. Gürcüstan və Ermənistanda seçkilərin nəticələri beynəlxalq birlik tərəfindən şübhə altına alınıb. Hamı bilir ki, məsələn, Gürcüstandakı prezident seçkilərində Mixail Saakaşvilinin 52% səs göstəricisi şübhəlidir, ən azı ikinci tur keçirilməlidir. Azərbaycanda imkan var ki, demokratik seçki keçirilsin. İqtidar da bu tarixi məsuliyyəti nəzərə alaraq bütün gücüylə çalışmalıdır ki, seçkilərə müdaxilənin qarşısı alınsın. Bəzən elə fikirləşirlər ki, seçkilərə müdaxilə yalnız birinci şəxsin razılığı olduqda edilə bilər. Amma mən bu fikirlə razı deyiləm. Bəzən rayonların icra başçıları prezidentin yanında öz nüfuzlarını qaldırmaq üçün, yəni " yaxşı idarə etdiyimizə görə bölgədə prezidentin tərəfdarları çoxdur" məntiqiylə belə addımlar atırlar. Özbaşına olaraq icra başçıları bu sahədə bir-biriylə yarışa girir və seçkinin nəticələrinə müdaxilə edirlər. Bu, birmənalı belədir. Mən hətta artıq vəzifəsindən çıxarılmış icra başçılarıyla bu barədə söhbət etmişəm. -Baykota üstünlük verən ənənəvi müxalifətin arqumentlərini necə qarşılayırsınız? - Arqumentləri budur ki, ölkədə seçkiqabağı demokratik şərait yoxdur, kütləvi tədbirlərin keçirilməsi qadağan olunub, elektron informasiya vasitələrinə müxalifəti buraxmırlar. Onların arqumentlərinin qarşılığında daha dəqiq ifadə olunan məntiq ortaya çıxır: Əslində seçki kampaniyası bu imkanları verir və nə üçün ən azı bu imkanlardan istifadə etmək naminə seçkilərə qatılmırsınız? Seçki prosesi ərzində həm efirə çıxmaq, televiziya vasitəsiylə xalqa müraciət etmək, kütləvi aksiyalar keçirmək şansları qazanılır. Bəs ənənəvi müxalifət bundan niyə imtina edir? Əgər nəticələrin saxtakarlaşdırılacağını bilirlərsə, prosesə qatılıb, hansısa bir mərhələdə seçkidən imtina edəydilər. İkincisi, niyə imtina edirlər? Seçkiyə qatılsınlar, dairə və məntəqələrə nümayəndələrini versinlər, pozuntular olacaqsa, həmin şəxslər qeydə alsınlar. Beləliklə, konkret ittiham üçün hüquqi əsas yaransın və hətta Avropa Məhkəməsinə müraciət edərək nəticələrin ləğvinə çalışmaq mümkün olsun. İndi nə edəcəklər? Məşrəvətçi səs hüquqlu üzvləri seçki komissiyalarına təqdim etmədən, müşahidəçilər göndərmədən seçkinin saxtalaşdırıldığını necə müəyyənləşdirmək olar? Bu baxımdan hesab edirəm ki, sadəcə, həmin partiyaların seçkidə iştirak üçün potensialları yoxdur. Bu yaxınlarda Qulamhüseyn Əlibəyli Əli Kərimlinin yanından istefa verdi. 3 il keçib, bu partiyanın növbəti qurultayını keçirə bilmirlər. Niyə? Çünki o təşkilatın rayon şöbələri artıq yoxdur. AXCP-nin Nizamnaməsinə görə, rayon şöbələrindən Ali Məclisə üzv seçilməlidir. Onlar Məclisi toplaya bilmirlər, rayonlarda Məclis üzvü olmuş insanlar çoxdan dağılışıblar. AXCP-nin birləşməsi prosesində həmin insanların 80-i partiyamızın sıralarına qatıldılar. Qalanları da həmin təşkilatla əlaqələrini çoxdan kəsiblər, başqa-başqa partiyaların, böyük qismi də YAP-ın üzvləridirlər. Yəni faktiki bu təşkilat yoxdur. Əli Kərimli bir özü, bir papkası, bir də bilmirəm qalıb, ya qalmayıb, "matros" ləqəbli Faiqdir. - Müsavat Partiyasının baykot qərarı sizcə, nədən qaynaqlanıb? - Hər zaman böyük iddialarla çıxış etmiş Müsavat Partiyası da həmin durumdadır. Müsavat Partiyasının rayon təşkilatları dağılıb, rəhbərlikdə İsa Qəmbərin ətrafında müəyyən qrup insan qalıb. Bu insanlar da bir-birini hökumətə işləməkdə suçlayırlar, mətbuat səhifələrində ittihamları görürük. Müsavat Partiyasının artıq maliyyə resursları yoxdur. Yəni əvvəllər Qərbdən QHT-lər vasitəsiylə aldıqları maliyyə dəstəyi indi yoxdur. Bu partiyalara ölkə daxilindən də dəstək verilmir. Söhbət ondan gedir ki, müəyyən korrupsoner dövlət məmurları əvvəlki səviyyədə maliyyə dəstəyi vermir. Belə məmurların artıq bu partiyanın hakimiyyətə gələcəyinə və onların da daha çox oğurlamalarına şərait yaradılacağına ümidləri yoxdur. Kiminsə gündəlik yaşayışı üçün müəyyən dəstək ola bilər. Lakin böyük miqdarda dəstəkdən söhbətdən gedə bilməz. Digər tərəfdən, Müsavat Partiyası ən böyük biabırçılığının 40 min imzanı yığa bilməməsiylə ortaya çıxacağını bilirdi. Başqa bir səbəb də o idi ki, sonuncu prezident seçkilərində böyük vədlər verilmişdi. Məsələn, belə şüar var idi ki, "Qələbəyə gəlin, mən sizi hakimiyyətə aparacam" və s. Həm də "biz" yox, artıq "mən" deyirdilər. "Yeni Müsavat" qəzeti də yazırdı ki, İsa Qəmbər artıq "siz" yox, "mən" deyir. İndi vaxt keçib, növbəti seçkilər çatıb. Sual doğacaqdı ki, niyə verilən vədlər yerinə yetirilmədi? Qısası, qeyri-real vədlər verilib və indi onların hesabatının vaxtı gəlib çatıb. Ənənəvi müxalifət liderlərinin xalqın qabağına çıxmağa üzləri yoxdur. Bu da həmin partiyanın seçkiyə qatılmamasını şərtləndirən amillərdən biridir. - Ənənəvi müxalifətin seçkiyə qatılmamasını şərtləndirən başqa amillər də mövcuddurmu? - Xaricdə, beynəlxalq təşkilatlarda super güc olan dövlətlərdə ermənilərin böyük dəstəyi var. Xarici qüvvələr əməkdaşlıq etdikləri ənənəvi müxalifətin zəif olduğunu görəndə başa düşürlər ki, onları seçkiyə qatmaqla fayda görə bilməyəcəklər. Çünki faktiki seçkiyə qatılsalar da, çox zəif olduqları üçün heç nəyə yaramayacaqlar. Həmin xarici qüvvələr Azərbaycanda seçkilərə kölgə salmaq üçün ənənəvi müxalifətə məsləhət görüb ki, seçkiyə qatılmasınlar. Artıq seçki necə keçirilsə də, arqument kimi irəli sürəcəklər ki, ənənəvi müxalifət seçkilərə qatılmayıb, ona görə də necə keçirilməsinin artıq əhəmiyyəti yoxdur. Beləliklə, seçkiləri bu cür şübhə altına alırlar. Xatırladım ki, 2001-ci ildə ABŞ-ın Florida ştatında, Ki-Uestdə Azərbaycan və Ermənistan prezidentinin danışıqlar apardığı zaman ənənəvi müxalifət ABŞ səfirinin sözüylə Qarabağla bağlı aksiyanı, millətin qeyrət məsələsi olan bir mitinqi təxirə salmışdılar. Ənənəvi müxalifətə xarici qüvvələr "seçkiyə gedin!" desəydilər, oynaya-oynaya gedəcəkdilər. - Seçkidə iştirak böyük mənada Azərbaycana nə verir? - Azərbaycanda birpartiyalı sistemin formalaşmasına imkan vermək lazım deyil. Cəmiyyətə alternativlər təqdim etmək lazımdır. Fikirlərin, ideyaların rəqabəti isə cəmiyyəti yalnız inkişafa doğru apara bilər. Təbliğat kampaniyası başlayan seçki platformamızı açıqlayacaq, xalqa alternativ proqramlar təklif edəcəyik. Artıq seçki şüarımızı müəyyənləşdirmişik və seçkiyə "Biz bacararıq!" şüarı ilə gedirik. Qarabağın azad edilməsi, rüşvətin və korrupsiyanın kökünün kəsilməsi yönündə fikirlərimizi açıqlayacaq, xalqımıza buna inandırmaq istiqamətində fəaliyyət göstərəcəyik. Cəmiyyətdəki problemlərin həlli yollarıyla bağlı öz prinsiplərimizi ortaya qoyacaq, demokratik proseslərin inkişafına öz töhvəmizi verəcəyik. Bilirik ki, prezident seçkilərində qalib gəlmək şanslarımız yüksək qiymətləndirilmir, iqtidar nümayəndəsinə görə imkanlarımız məhduddur. Amma bu, bir yarışdır və bu yarışda gücümüz iqtidar nümayəndəsiylə müqayisədə az olsa da, qələbə uğrunda bütün gücümüzlə çalışacağıq. - Ümumiləşdirilsə, ənənəvi müxalifətin bakyotu mənfi mənada Azərbaycan cəmiyyətinə, dövlətinə nə verə bilər? - Seçkilərin necə keçirilməsindən asılı olmayaraq bizi istəməyən qüvvələr deyəcəklər ki, ənənəvi müxalifət qatılmayıb, yəni bütün siyasi qüvvələr seçkilərdə iştirak etmədikləri üçün seçkiləri tam mənada demokratik hesab etmək olmaz. Hətta Azərbaycanı istəyən qüvvələr də məcburdurlar desinlər ki, həmin qüvvələrin seçkilərə qatılması üçün hökumət bütün addıları atmadı. - Azərbaycanda seçki prosesinin getdiyi bir dönəmdə qonşu Gürcüstan Rusiyanın təcavüzünə məruz qalıb. Sizin məsələylə bağlı baxışlarınız necədir? - Mən Mixail Saakaşvilini təmkinli və yüksək intellektə malik dövlət başçıları kateqoriyasına aid etmirəm. Görünür ki, burada yaş, təcrübə amilləri də var. O, siyasətdə yeni bir şəxsdir. Mixail Saakaşvili vəkil işləyib, birdən-birə ədliyyə naziri, sonra Tiflis bələdiyyəsinin sədri və prezident oldu. O, 6-7 ildir ki, böyük siyasətdədir. Bu da öz rolunu oynayır. Əlbəttə, Mixail Saakaşvilinin Cənubi Osetiyanı azad etmək cəhdini yüksək qiymətləndirir, təqdirəlayiq sayıram. Onu da bilirəm ki, o, nə qədər emosional şəxs olsa da, bu əməliyyat ABŞ-la razılaşdırılmışdı. Düşünürəm ki, nə Gürcüstan, nə də ABŞ Rusiyanın reaksiyasının nədən ibarət olacağını axıra qədər hesablaya bilməyiblər. Ola bilsin ki, uzağı Rusiyanın gürcü qoşunlarını Cənubi Osetiyanın sərhədindən kənara atacağını düşünüblər. Ancaq rus qoşununun Gürcüstanın içərilərinə doğru irəliləyə biləcəyini hesablamayıblar. Nəticədə də Gürcüstan böyük zərbə aldı. Bu zərbə ilk növbədə psixoloji zərbədir. Cənubi Osetiya və Abxaziyanın yenidən Gürcüstanın tərkibinə qaytarılması imkanlarını xeyli məhdudlaşdırdı. Həmin imkanları tam heçə endirməsə də, minimuma endirdi. İkincisi, baş verənlər ABŞ-ın Gürcüstan ordusunun döyüş qabiliyyətinin artırılması ilə bağlı gördüyü işlərin əhəmiyyətsiz olduğunu üzə çıxardı. Görünür ki, amerikalılar onu da nəzər almayıblar ki, gürcü xalqı döyüşməyi xoşlamır. Əgər Gürcüstan Cənubi Osetiyayla Rusiyanı birləşdirən tuneli bağlaya bilsəydi, gürcü ordusu ciddi müqavimət göstərsəydi, o zaman proseslər başqa istiqamətdə cərəyan edə bilərdi. Amma rusların ilk həmləsindən, təyyarələrinin Gürcüstan üzərində uçmasından sonra Mixail Saakaşvilinin üzündə görünən təlaş, televiziyaya çıxıb atəşkəsə hazır olduğunu bəyanlaması diqqət çəkdi. Döyüşlərdə cəmi 74 rus əsgəri həlak olub. Mixail Saakaşvili onların sayını bir az artarır. Bir az da artıq olsun. Rusiya 7 minlik qüvvəylə hücum edib. Gürcüstanın 30 minlik peşəkar ordusu vardı. Cənubi Osetiyaya hücumdan qabaq xeyli qüvvə də səfərbər edilmişdi. Bütün bunlar göstərdi ki, gürcülər azadlıq istəyirlər, amma azadlıq üçün ölməyə hazır deyillər. - Bəs Rusiya baş verənlərdən nə qazandı? - Rusiya çox şey itirdi. Ola bilsin ki, Gürcüstanı sadaladığım problemlərlə qarşı-qarşıya qoydu, amma özü üçün daha böyük problemlər yaratdı. Əvvala, ABŞ-da hakimiyyətdə olan respublikaçılar bundan ölkə daxili siyasətlərində geniş istifadə etdilər. Mən əminəm ki, bu hadisələr respublikaçı prezidentliyə namizəd Con Makkeynin nüfuzunun qalxmasında çox böyük rol oynayacaq. Çünki o, demokrat namizəd Obamadan fərqli olaraq, Rusiyaya qarşı sərt rəftarın tərəfdarıdır. Həm də ABŞ bu provokasiyayla Rusiyanın maskasını çıxardı, amma gürcüləri qurban verməklə... Bütün dünya gördü ki, Moskva yenidən sovet imperiyasını bərpa üçün fürsət axtarır. Bu münaqişələrin hamısının arxasında dayanan Rusiyadır və osetinlərdən, abxazlardan, Qarabağ ermənilərindən, Dnestryanıdakı sakinlərdən böyük ambisiyalarını həyata keçirmək istifadə etmək fikrindədir. - Rus mediyası yazır ki, Moskva atığı son addımla həm də Dağlıq Qarabağdakı separatçı rejimi qorudu və Azərbaycanın müharibə etmək ehtimalının qarşısını aldı. Bu fikirlə razılaşırsız? - Rusiyanın Azərbaycandakı səfiri də deyir ki, bölgə xalqları bundan nəticə çıxarmalıdır. Bu da birbaşa Azərbaycana ünvanlanmış mesajdır. Doğru deyir, razıyam. Sözsüz ki, Azərbaycan müsbət mənada bundan dərslər götürməlidir. Bizim üçün gözəl bir şans yaranıb. Gürcüstan MDB-dən çıxdı, Ukrayna da belə addım atır. Xatırladım ki, Kiyevin Tiflisi müdafiə istiqamətində müəyyən addımlar atmasından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəynaladı ki, Kiyev Ukraynada böhran yaratmaq üçün belə bəyanatlar verir. Ukraynanın Ali Radasına artıq MDB-dən çıxmaq barədə qanun layihəsi təqdim olunub. Azərbaycan Rusiyayla dəqiq şəkildə söhbət etməlidir. Bildirilməlidir ki, ya Rusiya Ermənistana təsir göstərsin, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilsin. Əgər Moskva bunu etmirsə, gözləmək mənasızdır və Azərbaycan da Gürcüstan və Ukraynanın ardınca MDB-dən çıxır. İkincisi, Azərbaycanın artıq maliyyə imkanları da var və belə mövqe sərgiləsə, Qərbdən çox böyük dəstək alacaq. Artıq Gürcüstanda dünya Rusiyanın siyasətini açıq şəkildə gördü. Təsadüfi deyil ki, indiyə qədər Polşa ABŞ-ın ölkə ərazisində raketdən müdafiə sisteminin elementlərini yerləşdirməsinə müqavimət göstərirdi, amma ötən gün müqavilə imzaladılar. Ukrayna, Polşa, Litva və Estoniyanın dövlət başçılarının Tiflisə səfərləri, mitinqdə çıxış etmələrinə də diqqət çəkmək istəyirəm. Bu gün NATO-nun üzvü olan Polşanın dövlət başçısı deyirsə ki, sabah Gürcüstan Polşa ola bilər, o halda Azərbaycan istənilən saat Gürcüstan ola bilər. Deməli, Rusiya Qarabağ probleminin həllinə razılıq vermirsə, Azərbaycan konkret addımlar atmalıdır. Yuxarıda da dedim, Azərbaycanla Rusiya arasında Qarabağla bağlı danışıqlar aparılmadan ölkəmizin indiki kampaniyaya qoşulub MDB-dən çıxmasının tərəfdarı deyiləm. Bakı məsələni konkret qoymalı və müsbət cavab almazsa, Gürcüsian və Ukraynanın ardınca MDB-dən çıxmalıdır. Azərbaycan böyük miqdarda neft pullarını ordu quruculuğuna xərcləməlidir. Ölkəmizdə hava hücumundan güclü müdafiə sistemi qurulmalıdır. İndi ruslar deyirlər ki, gürcülər 4 təyyarəmizi vurublar. Elə olmalıdır ki, sabah bir hadisə baş versə, Azərbaycan səmasında bir erməni, yaxud rus təyyarəsinin uçması şansı sıfra bərabər olsun. Başqa tərəfdən, müharibədə itki də, partlayışlar da olacaq, obyektlər də sıradan çıxacaq. Yəni xalqı hazırlamalıyıq ki, torpaqları azad etmək istəyirsənsə, itkiyə hazır ol. Peşəkar ordu qurmalı və bu ordunu ən müasir silahlarla silahlandırmalıyıq. Döyüş qabiliyyətli bu ordu torpaqları azad etməlidir. Dağlıq Qarabağ erməniləri də Gürcüstanda baş verənlərdən ciddi nəticə çıxarmalıdırlar. Osetinlər nə qazandılar? Önəmi yoxdur ki, gürcülər, yoxsa ruslar dağıtdı, Sxinvali darmadağın oldu, osetinlərin çoxları ev-eşiklərindən didərgin düşdülər. Həm də nə fərqi var ki, onsuz da onları idarə edirlər! Ötən gün Dmitri Medvedyevin qabağında Kokoytayla Baqapş bir az çörək verildiyi üçün sevinən yiyəsiz küçə uşaqlarına bənzəyirdilər. Gürcüstan nə vaxtsa NATO-nun, Avropa Birliyinin üzvü olacaq, sivil bir Avropa cəmiyyətinə qatılacaq. Rusiyanın tərkibində qalmaq, antidemokratik rejimin altında yaşamaq yaxşıdır, yoxsa Gürcüstanla vasitəylə Avropanın bərabərhüquqlu üzvü olmaq? Ona görə də dəfələrlə vurğulayıram ki, Azərbaycan bir olimpiya kompeksinin əvəzinə Qarabağ bölgəsində teleradio studiya inşa etməlidir. Oradan Qarabağa həftənin 24 saatı ərzində verilişlər yayımlamalıyıq. Mənim sizə dediyim sözləri erməni xalqına demək lazımdır. Bu sözləri oradakı hərbi xunta camaata deməyəcək. Biz deməliyik ki, Azərbaycan Avropa Birliyinin bir üzvü olmaq istəyir, amma Ermənistan ömrü boyu Rusiyanın oyuncağı, aləti kimi qalacaq. Qarabağdakı ermənilər Rusiyanın əlinin altında yaşamaq, yoxsa sivil Avropa cəmiyyətinə qovuşmaq istəyirlər? İdeoloji iş aparılmalıdır. Azərbaycan kifayət qədər ciddi hərbi potensial yaratmalıdır və bunun müqabilində Ermənistan başa düşməlidir ki, sonda kimin qalib gəlməsinin o qədər də əhəmiyyəti yoxdur. Həmin hərbi potensialın işə düşməsi artıq Ermənistan üçün ölümcül olacaq. Onların nümunələrini biz hərbi paradda gördük. Təyyarələri, artileriya qurğularını o həcmdə, miqdarda almaq lazımdır ki, erməni başa düşsün ki, hərbi əməliyyat başlasa, Dağlıq Qarabağda daş daş üstə qalmayacaq, orada yaşamaq mümkün olmayacaq. Ermənilər ya alət olub, Rusiyaya xidmət etməli, ya da durumlarını anlamalı və hətta beynəlxalq birliyin də təminatlarını alaraq, Azərbaycanın tərkibində yaşamalıdırlar. - Yeri gəlmişkən, bəzi media orqanları, siyasilər son proseslər zamanı Azərbaycanı Gürcüstana yetərincə dəstək verməməkdə günahlandırırlar. Sizin qənaətiniz necədir? - Ola bilsin ki, bu barədə bir çoxlarının məlumatı yoxdur. Amma ötən gün Gürcüstanın BMT-dəki səfiri çıxışı zamanı ciddi humanitar dəstəyə görə ön sırada ABŞ və Azərbaycan olmaqla 6 dövlətin adını çəkdi. Bu sırada İsrail, Ukrayna, Türkiyə və Çexiya da vardı. Hər halda Azərbaycan Gürcüstana dəstəyi davam etdirməlidir. Gürcüstanın işğalı Azərbaycanın işğalı kimi bir şeydir. Bizim bütün əhəmiyyətli lahihələrimiz Gürcüstan üzərindən keçir. - Türkiyənin baş naziri bu arada Türkiyə, Rusiya, Azərbaycan və Gürcüstanın Qafqaz ittifaqı yaratmasını təklif edib. - Bu, qeyri-realdır. Mənim məqbul hesab etdiyim variant Azərbaycan, Türkiyə və Gürcüstanın Avropa Birliyi modelində bir birlik yaratmasıdır. Ora Ukraynanı da daxil etmək olar. Ən nikbin Avropa siyasətçiləri deyirlər ki, Türkiyənin Avropa Birliyinə qəbulu 10 ildən tez olmayacaq. Xatırladım ki, hələ Türkiyə üzvlüklə bağlı danışıqlar mərhələsinə başlayıb. Deməli, Ukrayna və Gürcüstanın Avropa Birliyinə qəbulu daha gec olacaq. Ona görə də Avropa Birliyinə üzv olana qədər bu ölkələr belə birlik yarada bilərlər. Mən orada Rusiyanı görmürəm. Moldavanı da qatmaq olar. Yəni GUAM üzvləri ilə Türkiyə Avropa Birliyi kimi bir modeldə birləşə bilərlər. Bu, artıq Qara dəniz və Xəzər bölgəsində ciddi bir alyans olar. Həmin alyansın Rusiyaya qarşı durmaq potensialı olar. Yeri gəlmişkən, Gürcüstan hadisələri zamanı Rusiyanı heç bir müttəfiqi dəstəkləmədi. Hətta Ermənistan da bu prosesə qoşulmadı, Moskvanı Belorusiya da müdafiə etmədi. Bəzən Rusiya rəsmilərinin Belorusiyanın ünvanına çox ciddi ittihamlarına rast gəlirik. Belorusiyanın ABŞ və Avropa Birliyilə münasibətləri də yaxşı deyil. Bununla belə, Belorusiya tərəfləri təmkinli olmağa, danışıqlar yoluyla məsələləri yoluna qoymağa çağırdı. Rusiyanı heç kim, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri də dəstəkləmədi. Onlar da Rusiyanın istədiyinin nə olduğunu başa düşürlər və yenidən Moskvanın köləsinə çevrilmək istəmirlər. - Lukaşenko öz növbəsində xarici iqşlər nazirinə ABŞ və Avropa Birliyilə münasibətləri yaxşılaşdırmaq barədə tapşırıq verib... - Hamı, hətta Belorusiya da qorxdu. Anladılar ki, Rusiya sovet imperiyasını bərpa etmək istəyir. Bir məqam da diqqət çəkdi. Əslində Rusiya Cənubi Osetiya və Abxaziya ətrafında da Dağlıq Qarabağdakı kimi bufer zona yaratmaq istəyirdi. Hətta ruslar Qoridən Tiflisə hərəkət edəndə beynəlxalq birliyin narahatlığına və suallarına cavab olaraq dedilər ki, bufer zona yaradırıq. Amma belə olmadı. Atəşkəs müqaviləsinə görə, tərəflər 6 avqustdakı mövqelərinə qayıtmalıdırlar. Bu da onu göstərdi ki, Rusiya əslində güclənməyib. Neft-qaz satışından pulları, ambisiyaları artıb, ammma Rusiya 1992, 1993-cü, 1994-cü illərdə etdiklərini indi edə bilmədi. Moskvanı Gürcüstanda belə bufer zona yaratmağa qoymadılar. Heç kim onunla razılaşmadı və dedilər ki, mütləq 6 avqustdakı mövqelərə qayıdılmalıdır. Bu, ABŞ və Avropa Birliyinin birmənalı şəkildə ortaya qoyduğu mövqe nəticəsində mümkün oldu. ABŞ birmənalı şəkildə bildirdi ki, bu, Vaşinqton-Moskva münasibətlərinə ciddi ziyan vuracaq və "soyuq müharibə" yenidən başlayacaq. Rusiya da bilir ki, ABŞ-la "soyuq müharibə" aparmaq gücündə deyil. Birmənalı şəkildə bildirdilər ki, Rusiyanı bütün beynəlxalq təşkilatlardan, ATƏT-dən, Avropa Şurasından, BMT-dən qovacaqlar. Ona görə Azərbaycan öz seçimini bir daha qətiləşdirməlidir. Biz həmişə deyirik ki, son məqsədimiz Avropaya inteqrasiyadır. Amma Azərbaycan bu istiqamətdə real və qəti addımlar atılmalıdır. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar