SON XƏBƏRLƏR

BERLİNDƏ “ALMANİYA VƏ AVROPA İTTİFAQININ ENERJİ TƏMİNATINDA AZƏRBAYCANIN ROLU” MÖVZUSUNDA ALMAN-AZƏRBAYCAN ENERJİ SİMPOZİUMU KEÇİRİLİB

2021.10.20, 07:36
BERLİNDƏ “ALMANİYA VƏ AVROPA İTTİFAQININ ENERJİ TƏMİNATINDA AZƏRBAYCANIN ROLU” MÖVZUSUNDA ALMAN-AZƏRBAYCAN ENERJİ SİMPOZİUMU KEÇİRİLİB

Gunaz.tv
BERLİNDƏ “ALMANİYA VƏ AVROPA İTTİFAQININ ENERJİ TƏMİNATINDA AZƏRBAYCANIN ROLU” MÖVZUSUNDA ALMAN-AZƏRBAYCAN ENERJİ SİMPOZİUMU KEÇİRİLİB 200806252.jpg AzərTAc xəbər verir ki, iyunun 24-də Berlində Almaniya Federal İqtisadiyyat Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan Forumu və Alman İqtisadiyyatının Şərq Komissiyasının birgə təşkilatçılığı ilə “Almaniya və Avropa İttifaqının enerji təminatında Azərbaycanın rolu” mövzusunda Alman-Azərbaycan enerji simpoziumu keçirilmişdir. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin, Almaniyanın federal iqtisadiyyat və texnologiyalar naziri Mixael Qlosun iştirak etdikləri simpoziumun işinə Almaniya və Azərbaycanın rəsmiləri, Bundestaqın və Berlində akkreditə olunmuş bir sıra səfirliklərin nümayəndələri, müxtəlif şirkətlərin təmsilçiləri, o cümlədən ekspertlər və çoxsaylı jurnallistlər qatılmışlar. Simpoziumu açan Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkəmizin Almaniya və Avropa üçün artan əhəmiyyətinə diqqət çəkərək vurğulamışdır ki, XX əsrin əvvəllərində Azərbaycan Almaniyanın ağ neftə olan tələbatının 20%-lik hissəsini təmin edirdisə, hazırda bu ölkənin enerji təminatında ilk 10 yerdən birini tutur. Azərbaycanın regional əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulayan səfir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyi üçün əngəl törətdiyini ifadə etmişdir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verən P.Şahbazov, son 4 il ərzində Azərbaycanda yoxsulluğun 49%-dən 16%-ə qədər azaldığını, ümumdaxili məhsulun 2,3 dəfə artdığını qonaqların nəzərinə çatdırmışdır. Ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, Azərbaycanda ictimai, mədəni, təhsil sahələrində həyata keçirilən islahatlar barədə geniş məlumat verən səfir vurğulamışdır ki, bünövrəsi ümummilli lider H.Əliyev tərəfindən qoyulan neft strategiyasının əsas məqsədi xalqın rifahına xidmət etməkdən ibarətdir. İnformasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində dövlətin həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verən səfir, insan kapitalına Azərbaycan hökumətinin verdiyi əhəmiyyəti xüsusi vurğulamışdır. P.Şahbazov bildirmişdir ki, xaricdə təhsillə bağlı dövlət proqramı əsasında 5 il ərzində 5 min tələbə Avropanın, eləcə də Asiyanın qabaqcıl universitetlərində təhsil ala biləcəkdir. Almaniya Akademik Mübadilə Xidməti (DAAD) ilə birgə planlaşdırılan layihəyə əsasən Azərbaycan təqaüdçüləri Almaniyada da təhsillərini davam etdirəcəklər. Səfir 2008-ci ilin Almaniyada Azərbaycan ili kimi qeyd olunduğunu xatırladaraq, cari il ərzində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermiş, “Azərbaycanın Almaniya və Avropa İttifaqının enerji təhlükəsizliyində rolu” mövzusunda təşkil olunan simpoziumu əlamətdar hadisə kimi qiymətləndirdiyini bildirmişdir. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev öz çıxışında 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsi məqsədilə dünyanın aparıcı xarici neft şirkətlərinin Azərbaycana dəvət edilməsi prosesi, müstəqilliyin ilk illərində Respublikamızın qarşılaşdıqları problemlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir. O, diqqətə çatdırmışdır ki, Azərbaycanda neft-qaz sahəsində fəaliyyət göstərən bütün xarici neft şirkətlərinin işində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) iştirak edir və şirkət neft komplekslərində həyata keçirilən bütün növ işlər üzrə fəaliyyət göstərir. Müstəqil Azərbaycanın neft strategiyasının ümummilli liderimiz Heydər Əliyevin başçılığı ilə işlənib hazırlandığını vurğulayan N.Əliyev strategiyanın həyata keçirilməsinin keçən əsrin 70-80-cı illərində Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsində Azərbaycan neftçiləri tərəfindən aşkar edilmiş Azəri, Çıraq və Günəşli (dərin sulu hissəsi) yataqları üzrə xarici neft şirkətləri ilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanmış hasilatın pay bölgüsü sazişi ilə başlandığını bildirmişdir. Sonradan “Əsrin müqaviləsi” adını almış bu Sazişin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən imzalanmış digər Sazişlərin arasında xüsusi yer tutduğunu ifadə edən N.Əliyev, sonrakı dövrlərdə ARDNŞ-in, Azərbaycan Respublikası Prezidentinin ona vermiş olduğu səlahiyyətlər çərçivəsində, bu günə kimi xarici neft şirkətləri ilə 27 saziş imzaladığını, bunlardan 15 sazişin Xəzərin Azərbaycan sektorunu, 12 saziş isə quru sahələrini əhatə etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Bu sazişlərdə ARDNŞ-in tərəf müqabilləri dünyanın 21 ölkəsini, o cümlədən ABŞ, Kanada, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Norveç, Türkiyə, İran, Yaponiya, Çin, Koreya ölkələrini təmsil edən 43 şirkətdir. Əlavə olaraq qeyd edilmişdir ki, proqnozlara görə, imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının kəşfiyyatına, işlədilməsinə və nəqlinə ümumi sərmayə qoyuluşu 60 milyard ABŞ dolları səviyyəsində olacaqdır. 1997-2007-ci illər ərzində respublikada neft hasilatının 4,7 dəfə artdığını vurğulayan N.Əliyev, 1997-ci ildə respublikada 9 mln. ton, 2005-ci ildə 22,2 mln. ton, 2006-cı ildə əvvəl iki rekord göstəricini keçərək (1941-23,5 mln. t) 32,3 mln. ton, 2007-ci ildə isə 42,6 mln. ton neft hasil edildiyini, cari ildə neft hasilatının 52 milyon ton səviyyəsində olacağını qeyd etmişdir. O, enerji səmərəliliyi mövzusunda həyata keçiriləcək əməkdaşlığın hər iki tərəf üçün səmərəli nəticələr verəcəyinə inandığını ifadə etmişdir. Ölkə başçısının bu vaxta qədər keçirilmiş 3 enerji sammitində də Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın öz layiqli töhfəsini vermək niyyətini vurğulayan N.Əliyev, son bir il ərzində enerji qiymətlərindəki sürətli artımın bütün dünya üçün narahatçılıq doğuran başlıca məsələlərdən biri olduğunu qeyd etmişdir. Almaniyanın federal iqtisadiyyat və texnologiyalar naziri Mixael Qlos öz çıxışında ötən ilin oktyabr ayında Azərbaycana etdiyi səfərini xatırladaraq, ölkəmizdə güclü inkişafın şahidi olduğu və buradan böyük təəssüratlarla ayrıldığını simpozium iştirakçılarının diqqətinə çatdırmışdır. Ölkəsi üçün Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi əhəmiyyətinin getdikcə artığına toxunan M.Qlos, Azərbaycanın Almaniyanın və ümumilikdə Avropanın həm neft, həm də qazla təminatına öz uğurlu töhfəsini verəcəyinə əmin olduğunu qeyd etmişdir. Nazir xatırlatmışdır ki, Almaniya 2007-ci ildə Azərbaycandan 3 mln. tona yaxın neft idxal etmiş və ölkəsinin idxal statistikasında Azərbaycanın mövqeyi 10-cu pillədən 7-ci pilləyə yüksəlmişdir. Alman şirkətlərinin Azərbaycana maraqlarının daha da artdığını məmnunluqla qeyd edən nazir, Almaniyanın RWE şirkətinin “Nabukko” qaz kəməri layihəsinə qoşulmasını alqışlayaraq, bu qaz kəməri sayəsində Avropanın enerji təminatında böyük rol oynayacağını bildirmişdir. Bununla bağlı Azərbaycanın nəinki istehsalçı olaraq, eyni zamanda Mərkəzi Asiyadan Avropaya neft və qaz daşımaları üçün tranzit ölkə kimi əhəmiyyəti artmaqdadır. Azərbaycanın Almaniya üçün təkcə neft-qaz sənayesinə görə deyil, böyük potensialın mövcud olduğu digər sahələrə görə də maraq kəsb etdiyinə nəzərə çatdıran M.Qlos neft kimyası, maşınqayırma, qida məhsulları və yüngül sənaye sahələrinin inkişaf etdirilməsində təcrübəli və işində dəqiq alman şirkətlərinin tərəfdaşlıq edə biləcəyini qeyd etmişdir. Eyni zamanda enerjidən səmərəli istifadənin təşkili və bərpa olunan enerji mənbələrindən istifadə sahələrində dünyada aparıcı mövqe tutan Almaniyanın öz yüksək texnoloji imkanları ilə əməkdaşlığa maraqlıdır. Almaniya-Azərbaycan Forumunun rəhbəri Otto Hauzer enerji təhlükəsizliyi ilə regionun təhlükəsizliyi məsələlərinin bir-biri ilə sıx əlaqədar olduğunu vurğulayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ancaq Azərbaycanın inkişafı üçün deyil, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də əngəl törətdiyini vurğulamışdır. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlardan hələ də uğurların əldə edilmədiyini bildirən O.Hauzer, Almaniyanın 50 il iki hissəyə parçalanmış bir ölkə kimi bu vəziyyət qarşısında müşahidəçi qismində qalmamalı olduğuna inandığını qeyd etmişdir. O.Hauzer Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunaraq bildirmişdir ki, Almaniya üçün etibarlı tərəfdaş olan Azərbaycanın inkişafından məmnuniyyət hissi keçirir. Simpoziumda „RWE”, „Wintershall“, „Azərenerji“ SC, „REN Energiepartner“, „Biotech United“ və digər şirkətlərin təmsilçiləri neft-qaz sənayesi, ətraf mühitin mühafizəsi, enerji təchizatı və şaxələnməsi sahələri üzrə təqdimatlar keçirmiş və müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparmışlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar