SON XƏBƏRLƏR

ƏRƏB ÖLKƏLƏRİNDƏN, İSRAİL TƏRƏFİNDƏN İRANIN VURULMASINA YAŞIL IŞIQ

2021.10.20, 07:36
ƏRƏB ÖLKƏLƏRİNDƏN, İSRAİL TƏRƏFİNDƏN İRANIN VURULMASINA YAŞIL IŞIQ

Gunaz.tv
ƏRƏB ÖLKƏLƏRİNDƏN İRANIN VURULMASINA YAŞIL İŞIQ?! Səudiyyə Ərəbistanı və Misirin öz hava məkanını İsrail təyyarələrinə açmağa hazır olduğu haqda xəbər yayıldı İsrail İranın nüvə obyektlərinə havadan zərbələr endirmək üçün bəzi ərəb ölkələrinin hava məkanlarından istifadə edə bilər. Britaniyanın “The Sunday Times” qəzetinin İsraildəki müxbirlərinin hazırladığı və qəzetin dünənki sayında dərc olunmuş məqalədə belə deyilir. Bildirilir ki, İsrailin apardığı məxfi danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı və Misir öz hava məkanlarını İrana qarşı hava əməliyyatları üçün açmağa hazır olduqlarını ifadə ediblər. Qəzetin yazdığına görə, İsrailin kəşfiyyat xidməti “Mossad”ın direktoru Meir Daqan baş nazir Benyamin Netanyahunu əmin edib ki, Səudiyyə Ərəbistanı İsrail təyyarələrinin İranı vurmaq üçün bu ölkənin hava məkanından istifadəsinə göz yummağa hazırdır. Belə ki, Daqan bu günlərdə Səudiyyə rəsmiləri ilə məxfi danışıqlar aparıb və bu zaman İrana qarşı hərbi əməliyyatların başlaması halında hadisələrin mümkün inkişaf ssenarisi müzakirə edilib. Təsdiqlənməmiş digər məlumata görə, İsrailin keçmiş baş naziri Ehud Olmert də bu məqsədlə Səudiyyə Ərəbistanı ilə danışıqlar aparıb. Anonim diplomatik mənbə deyib ki, Səudiyyə Ərəbistanı danışıqlar zamanı İsrail təyyarələrinin ölkənin hava məkanından İrana qarşı istifadəsinə susmaqla razılıq verməyə hazır olduğunu ifadə edib. Məqalədə deyildiyinə görə, ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı Səudiyyə Ərəbistanının hava məkanından istifadəsini “bütünlüklə məntiqi” adlandırıb. Bolton deyib ki, vaxtilə onun danışıqlar apardığı ərəb liderləri hadisələrin bu cür inkişafının onları qane edəcəyini ifadə ediblər. Qəzetin versiyasına görə, ərəblər formal olaraq İsrailin İrana qarşı hücumlarını pisləyəcəklər, lakin əslində onlar İranın nüvə təhlükəsinin aradan qalxmasından məmnun olacaqlar. Qəzet Misirlə də İrana qarşı hərbi əməliyyatlara hava dəhlizi verilməsi barədə danışıqlar getdiyini, Qahirənin də Səudiyyə Ərəbistanı kimi bu varianta qarşı olmadığını yazıb. Məqalənin dərc olunmasından dərhal sonra İsrail baş naziri Benyamin Netanyahunun ofisi iddiaları təkzib edib. Baş nazirin dəftərxanasından deyiblər ki, “The Sunday Times”ın məqaləsi heç bir real fakta əsaslanmır. Bu arada “Assoşeyted press” agentliyi xəbər verib ki, İsrail sualtı qayığı ilk dəfə hərbi təlimlər zamanı Süveyş kanalını keçib. Bu isə İrana qarşı ciddi siqnaldır. İsrail Müdafiə Nazirliyindən agentliyə verilən məlumata görə, İsrail sualtı gəmiləri Süveyş kanalından keçməklə İrana cəmi bir neçə günə çata bilər. Afrika qitəsi ətrafında fırlanaraq gəlmək isə bir həftədən çox vaxt aparır. İsrail hərbi donanmasının sərəncamında 2000-ci ildə Almaniyadan alınmış dizel yanacağı ilə işləyən 3 sualtı qayıq var. Bu qayıqların nüvə başlıqlı raketlərlə təchiz olunduğu bildirilir. Bununla belə, Misir hakimiyyəti İsrail hərbi gəmisinin Süveyş kanalından keçdiyi haqda xəbəri təkzib edib. Yüksək səlahiyyətli Misir rəsmisi dünən bildirib ki, bu xəbər əsassızdır və onlar İsrail hərbi gəmilərinə ölkənin ərazi sularına daxil olmaq üçün heç vaxt icazə verməyiblər. Həmin rəsmi deyib ki, Misir bundan əvvəl də İrana qarşı İsrailin mümkün hərbi əməliyyatlarına dəstək verməyib. Coğrafi baxımdan İsrailin İrana biraşa hava zərbələri endirmək imkanı yoxdur. Bunun üçün yəhudi dövləti ərəb ölkələrinin və Amerikanın nəzarəti altında olan İraqın hava məkanlarından istifadə etməlidir. Regiondakı ərəb dövlətləri İranın Yaxın Şərqdə söz sahibi olmasını və nüvə silahı əldə etməsini istəmir. Bu səbəbdən ekspertlərə görə, ərəb ölkələri İranın vurulmasına açıq dəstək verməsələr belə İsrailin hərəkətlərini gizlində dəstəkləyə bilərdi. İsrail də neçə vaxtdır bölgədəki ərəb dövlətlərini İrana qarşı qoya bilmək üçün çalışır. İran isə hədələyir ki, İsrailə hər hansı formada dəstək verən ölkənin ərazisi onun güclü cavab zərbələrinə məruz qalacaq. Bu məqsədlə Tehran öz raketlərini bölgədə ABŞ və İsrailin dostu olan ərəb ölkələrinə doğru tuşlayıb. Xəbərlərə görə, İsrail hökuməti ABŞ administrasiyasının İrana dair yumşaq siyasətindən narahatdır və təkbaşına Tehrana qarşı hərbi aksiya hazırlayır. Barak Obama və onun administrasiyası isə İsraili bu addımdan çəkindirmək üçün təzyiqlər göstərir.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar