SON XƏBƏRLƏR

Ergenekon və Türkiyədə demokratiya problemləri.O. ARAS

2021.10.20, 07:36
Ergenekon və Türkiyədə demokratiya problemləri.O. ARAS

Gunaz.tv
Ergenekon və Türkiyədə demokratiya problemləri O. ARAS orxan_aras_0603.jpg Ergenekon dedikdə ilk öncə ağlıma, "Ergenekon yurdun adı, Börteçinə qurdun adı" şeiri gəlir. Zənnimcə, Ziya Gökalpa məxsus olan bu şeiri tələbəlik illərində tez-tez söyləyir, şüar kimi təkrarlayırdıq. Ergenekon adı türkçülüklə yanaşı xatırlanırdı. Çünki türklərin yarısından çoxunun əsarətdə olduğu dövrdə onların bir gün eynilə Ergenekon dastanında olduğu kimi dəmir dağları və pərdəni əridərək bir Bozqurdun rəhbərliyilə azadlığa qovuşacaqları düşünülürdü. Bu xəyallar çox keçmədən həqiqətə çevrildi və bundan sonra Ergenekon adı az-az yada düşdü. Bugünlərdə Türkiyədə baş verən hadisələrlə bağlı olaraq Ergenekon adı yenidən ön plana çıxdı, hər gün Türkiyənin televiziya ekranlarında, qəzetlərdə xatırlanmağa başladı. Hətta dünya mətbuatı da indi Ergenekon adını hər gün yazır və bu mövzuda şərhlər verir. Məsələn, Almaniyanın öndə gedən qəzetlərindən biri olan "Frankfurter Algemeine Zeitung" oxuculara Ergenekon dastanı barədə məlumat verməyi vacib şərtlərdən biri sayıb. Getdikcə daha da genişlənən və bir böhrana çevrilən Ergenekon məhkəməsi həqiqətən də bu qədər mühüm hadisədirmi? İddiaçı prokurorların fikrincə, türk ordusunun bəzi hərbçiləri bir sıra jurnalist və tanınmış şəxslərlə əl-ələ verərək Ergenekon adlı gizli bir təşkilat qurub və hökuməti devirmək niyyəti güdüblər. Əgər prokurorların iddialarında həqiqət varsa, bu çox təhlükəli bir hadisədir. Çünki seçilərək iş başına gələn bir hökumətin zorla devrilməsi demokratik ölkələrdə mümkün olmayan bir işdir. Elə bu səbəbdən də Avropa Birliyinin təmsilçiləri məhkəmənin gedişini diqqətdə saxlayırlar. Türk ordusu Türkiyə Cümhuriyyətinin yaradıcısıdır. Həm də türk ordusu böyüklüyünə və qəhrəmanlığına görə xalq arasında yüksək nüfuza malik bir qurumdur. Atatürk tərəfindən "Cümhuriyyətin qayğısına qalmaq və onu qorumaq" funksiyasını daşıyan bu ordu indiyə qədər üç dəfə (1960, 1971 və 1980-cı illərdə) hökumətin işinə birbaşa müdaxilə edib. Bununla da ordu siyasətçilər üçün qorxulu bir röyaya çevrilib. Getdikcə demokratiyanın öz yerini tutmağa başladığı Türkiyədə ordunun hökumətin işinə qarışması xalq tərəfindən qəbuledilməz bir hala gəlib. Bu vəziyyət son 10 ildə baş verən çeşidli müdaxilələr zamanı ortaya çıxıb. Ordu şifahi də olsa siyasətə müdaxilə etməyə cəhd göstərdikdə onun hədəfə aldığı partiya daha da güclənib və iqtidara gəlib. Bu səbəbdən ağlı başında olan heç bir general ordunun siyasətə müdaxiləsi cəhdində bulunmaz. Həm də siyasətə qarışmağa adət edən ordu tədricən öz ilkin vəzifəsini yarıtmaya da bilər. Atatürk də bunu bildiyinə görə Məclisə seçilən generalları ya təkrarən hərbi işə qaytarıb, ya da istefaya göndərib. Avropada heç bir ordu nümayəndəsi partiya və iqtidar haqqında bəyanat verə bilməz. Hətta Baş Qərargah rəisinin adını televiziyalarda, qəzetlərdə ildə bir dəfə də görmək olmur. Türkiyədəki problemlər çoxyönlü və mürəkkəbdir. Kimisinin fikrincə, Türkiyə artıq dinçilərə təslim olub və bu məsələni ancaq ordu müdaxiləsi çözə bilər. Kimisinin düşüncələrinə görə də Anadolunun inanclı xalqı şəhərlərə yerləşməkdə, zənginləşməkdə və getdikcə də iqtidara sahib olmaqdadır. Bu, türk aydınları arasında mübahisələrə səbəb olan problemdir. Türkiyədə ordunun aparıcı rol oynamasının ən önəmli səbəbi, şübhəsiz ki, burada doğru-dürüst bir müxalifətin olmamasıdır. Müxalifət partiyaları hadisələrə aydınlıq gətirmək əvəzinə, boşboğazlıqla, vəziyyəti gərginləşdirməklə məşğuldur. Partiyaların daxilində liderlərdən tam bir asılılıq var. Sədrlər özlərini padşaha bənzədirlər. Partiyalarda yeniləşməyə və dəyişikliyə yol verilmir. Məsələn, Dəniz Baykal elə bir partiya sistemi təşkil edib ki, yalnız şəxsi istefasından və ya ölümündən sonra kimsə onu əvəz edə bilər. Bu vəziyyət Türkiyə üçün hələ də demokratiya problemi olaraq qalır. Məncə, Türkiyədə ifrat dinçilərin iqtidarı tam ələ keçirmələri qeyri-mümkündür. Çünki Türkiyəni İranla müqayisə etmək düzgün olmazdı. Türkiyədə sözükeçən bir dini liderlik kursu mövcud deyil. Başqa bir tərəfdən, Türkiyədə 20 milyona yaxın ələvi - şiə yaşayır. Sünnilərin də çoxu din anlayışını İranda olduğu formada qəbul etmir. İqtidarın dindən hər hansı bir şəkildəsə istifadə etməsi doğrudur. Hətta hər yerdə öz adamlarını üstün tutduğu da açıq-aydın görünür. Amma çıxış yolu yenə də demokratiyadadır. Müxalifət partiyaları öz içərilərindən yeniləşdikləri, cəmiyyətə real çıxış yolları göstərdikləri təqdirdə xalqın rəğbətini qazana bilər. Ergenekon istintaqı, məhkəmələr, həbslər hələ davam edir. Amma bu işlərin altından böyük bir mütəşəkkil qüvvənin çıxacağına inanmıram. Ən qorxulu məqam ölkə əhalisinin getdikcə dinçi və dinsiz olaraq iki yerə bölünməsidir. Orxan ARAS Almaniyadan yazır [email protected]/* */ 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar