Beynəlxalq Əfv Təşkilatı İsveç məhkəməsinin iranlı prokuror köməkçisi barədə qərarını dəstəkləyib

15.07.2022, 04:53

Beynəlxalq Əfv Təşkilatı İsveç məhkəməsinin keçmiş iranlı prokuror köməkçisi Həmid Nuri barədə ömürlük həbs qərarını dəstəkləyib və bunun İran hökumətin üçün açıq mesaj olduğunu bildirib. 

Gunaz.tv Quote | Gunaz article

İyulun 14-də yayılan bəyanatda təşkilat bu qərarı tarixi və ədalətli addım adlandırıb, İranda edamlardan canını qurtara bilənlər və edam edilənlərin ailələri üçün ədalətin bərqərar olması yolunda böyük uğur hesab edib.

"Bu, İran hakimiyyətinə gecikmiş də olsa, aydın mesajdır ki, insanlığa qarşı cinayət törədənlər ədalətdən qaça bilməyəcəklər"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika Ofisinin direktor müavini Diana Əl-Təhavi bildirib.

Xanım Əl-Təhavi Avropa məhkəməsində İran rəsmisi barəsində bu misilsiz hökmün çıxarılmasını alqışlayıb və başqa ölkələri də hərtərəfli hüquqi prinsipləri tətbiq etməyə çağırıb.

O, bu yolla İran prezidenti İbrahim Rəisi də daxil olmaqla, insanlığa qarşı cinayətlərdə əli olan keçmiş və indiki İran məmurları barədə cinayət işi açmağın vacibliyini deyib.

İsveç məhkəməsi iyulun 14-ü günorta saatlarında iranlı keçmiş prokuror köməkçisi Həmid Nuri barəsində ömürlük həbs qərarı verib.

Həmid Nuri 1988-ci ildə indiki prezident İbrahim Rəisi ilə birlikdə İranda siyasi məhbusların kütləvi edamında rol oynayıb.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social